Başıbəlalı DÇ gözəl başladı… Davam edəcək?

Vüsal “Aydın” Qəmbərov

Qərblilərin gözümçıxdıya saldığı dünya çempionatı xərclənən pulun haqqını verən bir gözəllikdə açıldı. Şoular, mesajlar, qrafika-filan… Hər şey öz yerində. Müsəlman-ərəb ölkəsi tarixdə ilk dəfə açılışda “Quran”dan ayələr də səsləndirdi. Niyəsə məktəb açılışından tutmuş, kitabların ön sözünə qədər, özlərinin müqəddəs saydıqları cümlələri yerləşdirən avropalılar bunu müsəlmanlar edəndə dilə gəlir, sekulyarlıqları tutur və nədənsə Afrikaya, uzaq və yaxın Şərqə tarixdə misli görünməmiş zülmlər edənlərin bu işi özləri gerçəkləşdirəndə birdən demokratlıqları tutur.

“One Love” kapitan sarğısı söhbətləri isə lap sarsaqlama həddinə çatdı. Və hələ məncə, komediya qabaqdadır. Məsələn, Harri Keyn o sarğı ilə meydana çıxanda ona necə bir reaksiya veriləcək? İngiltərə yığmasının ilk oyunu İranladır. Bir neçə saat sonra çox maraqlı hadisələr baş verə bilər.

Açılış möhtəşəm olduğu kimi, açılış oyunu da bəlkə də, DÇ tarixinin ən maraqlı matçı oldu. Ən maraqlılardan biri olduğu dəqiqdir, çünki bilirik ki, ilk matçlar adətən sönük keçir. Hətta rüşvət söhbələrinin təzyiqi altında Qətər yığması öz potensialına uyğun oynaya bilmədi. Məsələn Almoez Alinin ilk hissədə qapıçı ilə üzbəüz qaldığı epizodda Al Haydusun ötürməsində qol vura bilməməsi gözlənilməz bir şey idi. O Almoez ki, yığması üçün 90 oyunda 41 qol vurub və olduqca sərrast hücumçudur. Təzyiq bütün komandanın davranışlarında hiss olunurdu. Bu komandada Azərbaycan millisinin potensialı görürəm: özü bir şey əldə edə bilməsə də, kiminsə təkərinə çomaq soxma bacarığı. Bu, Niderland olarmı?

Turnir yaxşı başlayıb, amma ümid edək ki, Lionel Messi və Kriştiano Ronaldonun son mundialları xoş şəkildə davam edər və final oyununa qədər gedər. Avropalıların müxtəlif qalmaqallar yaradıb turniri daha da gözdən salmaq potensialı aşkar görünür.

Gələk turnirlə bağlı gözləntilərə. Ən böyük sürprizi Ekvador və Kanadadan gözləyirəm. Ekvadorun yolu nisbətən sürpriz etmələrinə imkan verdiyi, Kanadanın isə potensialı çox yüksək olduğu üçün. Kanada yığması gözəl futbol sərgiləyir və Belçika qarşısında şansları yüksək olmasa da, “boşalmış” Xorvatiyaya sürpriz edə bilərlər və hətta çempionata tam hazır olmayan Almaniya ilə İspaniyadan hansı gələrsə, onları da keçib, lap 1/4 finala qədər gedə biləcəklərini düşünürəm.

Kosta-Rika da 2014-də heç kimi gözləmədiyi formada irəlilədi. Özü də İtaliya-İngiltərə-Uruqvay kimi “divlər”in qrupundan çıxaraq.

Messi DÇ qabağı əla formada olsa da, Ronaldo üçün eynisini demək çətindir. Amma hər ikisinin son mundiallarında benefis sərgiləyəciyini gözləmək olar. Xüsusilə, bu, Ronaldoya hazırda çox lazımdır. Şahmat lövhəsinin arxasındakı o duel finala qədər gedib çıxa bilərmi? Ehtimal yüksək deyil, amma mümkündür.

Qruplara və pley-off səbətlərinə baxanda mənim üçün Braziliya – Argentina və Portuqaliya – Fransa yarımfinallarını proqnozlaşdırmaq real görünür. Amma oradan sonrası üçün heç nə demək mümkün deyil. Şübhəsiz, hazırda dünyanın ən güclü iki yığması Fransa və Braziliyadır. Belçika bir neçə il öncəki deyil. Potuqaliya da təhlükəlidir. İspaniya, Almaniya, İngiltərə möhkəm heyətlərə sahibdirlər, amma adını çəkdiyim 4-lükdən geri qalır. Bəs Argentina necə gedib çıxır oralara? Sırf püşk imkan verdiyi üçün. Argentina millisi qrup 1-cisi olarsa, yarımfinala qədər önünə ən güclü 8-likdən heç kim çıxmır. Yarımfinal və final isə başqa hekayədir. Ulduz fərqi ilə çox şey mümkündür.

Bu dünya çempionatı övladlarımızın həvəslə, anlayaraq, oyunçuları tanıyaraq baxdıqları ilk mundialdır. Ümid edirəm ki, avropalılar bu bayramı bizə çox görməz, payız mundialı maraqlı və layiq olanın qazandığı bir dünya çempionatı olar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button