“Bakıda qələbə qazanacağımıza inanıram” – Stoykoviç

Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviçin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis, media nümayəndələri ilə görüşdə bunları deyib:

  • Azərbaycan yığmasında ehtiyatlandığınız məqam nədir?
  • Bakı çox gözəl şəhərdir və burada olmaqdan məmnunuq, özümüzü çox rahat hiss edirik. Azərbaycanın Portuqaliyaya qarşı oyununu izləmişik. Azərbaycan millisi yaxşı komandadır. Sabah ehtiyatlı olmalıyıq. Bütün diqqətimizi öz oyunumuzda olacaq. Rəqib təzyiq göstərməyi bacaran komandadır. Sabah bərabər səviyyəli oyun gözləyirəm. Rəqibin bizə çətinlik törədəcəyini gözləyirik.
  • Sabah qələbə qazana bilməsəz, bu, sizin üçün faciə olacaq?
  • İlk növbədə onu bildirmək istəyirəm ki, futbolda faciə anlayışını qəbul etmirəm. Oyun zamanı keyfiyyətlərini göstərmək üçün şansların olur. Biz dünya çempionatına getmək istəyiriksə, qələbə qazanmalıyıq. Qaliblər yoluna davam edir, məğlub olanlar dayanır. Bilirik ki, sabah keyfiyyətli komandaya qarşı oynayacağıq. Son 5-10 ildə Azərbaycan millisi inkişaf edib. Sabah qələbə qazanacağımıza inanıram.
  • Azərbaycanda 2 serbiyalı mütəxəssis çalışır – Milan Obradoviç və Miloş Velebit. Onlarla danışıb, məlumat almısızmı?
  • Həqiqətən, xeyr. Onlarla əlaqə qurmamışam. Burada işlədiklərini bilirəm, lakin danışmamışam. Onlardan nəsə məlumat almamışam. Onlarla əlaqə saxlamamığımın əsas səbəbi odur ki, Azərbaycanla Serbiya arasında hansısa sirr yoxdur.
  • Bakıya səfərə Azərbaycan millisinin keçmiş futbolçusu Branimir Subaşiçlə birlikdə gəlmisiz. Onunla nəsə danışmısız Azərbaycan haqda?
  • Subaşiç çox yaxşı futbolçu olub və Azərbaycan futboluna öz töhvələrini verib. Onu bizimlə Bakıya gəlməyə dəvət etdik. Lakin onunla futbol haqda danışmamışıq. Bu ölkənin mədəniyyəti və tarixi haqda maraqlı məlumatlar öyrənmək mənim üçün maraqlıdır.
  • Portuqaliya ilə matçda Ronaldonun zərbəsinin qapı xəttini keçmədiyini demişdiz. Daha sonra təkrara baxmısız yəqin, yenə eyni düşüncədəsiz?
  • Səhvlər futbolun bir parçasıdır. Hesab 2:2 bitib. Qısaca, onu demək istəyirəm ki, bu matç artıq keçmişdə qalıb. Əsas olan bizim növbəti oyunumuzdur. Bundan əvvəl Portuqaliya ilə oyunlarımızın birində Ronaldo ofsayddan qol vurmuşdu və özü də bunu qəbul etmişdi. Lakin nəticə dəyişməmişdi. Bizim üçün əsas sabah olan oyundur. Keçmişə əhəmiyyət vermirik. Portuqaliyalılardan soruşsaz, qol olduğunu deyəcəklər, amma serblərdən soruşsaz “yox” cavabı alacaqsız. Mübahisəli epizoddur, tam fikir bildirmək çətindir. Sabah bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik, buna nə dərəcə nail olacağıq, bilmirəm. Lakin əsas məqsədimiz qələbə qazanmaqdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button