Azərbaycan millisinin məşqçisi Misirdə çalışacaq

Bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Jalə Qaratova karyerasını ölkə xaricində davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı mütəxəssis Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Qaratova Misirin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Tokio-2020 Olimpiya Oyunlarına hazırlaşdıracaq.

Qaratova 2009 – 2013-cü illərdə bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü olub. O, idmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb. Onun yetirmələri Avropa çempionatının mükafatçıları olub və dünya çempionatının finalına vəsiqə qazanıb.