Azərbaycanın daha bir klubunda təzminat davası: “Bu gün”, “sabah” deyib “fırlatdılar”, vermədilər pulumu”

Azərbaycan futbolunda son günlər davam edən maliyyə narazılıqları dalğası daha bir kluba “toxunub”. “Karvan-Yevlax”la bağlı təzminat qalmaqalının ardınca indi də 1-ci Liqa təmsilçisi “Mingəçevir”də oxşar vəziyyətin yaşandığı üzə çıxıb. Komandanın keçmiş məşqçisi Namiq İbrahimli artıq uzun müddətdir müqavilə ilə almalı olduğu vəsaiti ala bilmədiyini bildirir. O, məsələni işıqlandırmaq üçün Komanda.az-a müraciət edərək, vəziyyət barədə açıq şəkildə danışmağa hazır olduğunu dedi. Biz də onun fikirlərini çatdırmağı lazım bildik:

“Ötən ilin yanvarında Ədəhim Niftəliyevin (“Mingəçevir”in keçmiş baş məşqçisi) köməkçi məşqçisi olmuşam. Komanda normal vəziyyətdə idi, hardasa ilk “8-lik”də, “9-luq”da gedirdik. Amma bizim qarşımıza heç bir hədəf qoyulmamışdı ki, “siz çempionluğa oynamalısız”. Yəni, dövlətin ayırdığı 300 min manatla komandanı idarə edirdik. Yanvarda təzə baş məşqçi gəldi və bizə dedilər ki, “daha siz bizə lazım deyilsiz”. Biz də dedik ki, bəs, bizim müqaviləmiz var axı… Əvvəl dedilər ki, heç nə, gəlin-gedin, maaşınızı alacaqsız. Mən də Füzuli (hazırda “Karvan-Yevlax”ın “sükanı arxasında” olan Füzuli Məmmədov) müəllim “Mingəçevir”ə gələndən, gəlmişəm-getmişəm, qıraqdan məşqləri izləyirdim. Yəni, o, öz məşqçi heyəti ilə gəlib və mən də hörmətsizlik edib məşqə girməmişəm. İndi necə ki, Azər Həşimovla (“Karvan-Yevlax”ın keçmiş baş məşqçisi), Zaur Hacıyevin (Həşimovun köməkçisi) başına gəlib, həmin vaxt eynisi Ədəhim müəllimlə mənim başıma gəlmişdi. Biz də eyni qaydada stadiona davamlı olaraq gəldik-getdik, məşqlərə də girmirik, qıraqda dururduq. Nə bir söz deyirlər, nə də maaş köçür. Axırda qayıtdıq ki, bəs bizim maaşımız? Dedilər ki, “yox e, daha siz komandadan çıxmısız, istəyirsən gəl, istəyirsən gəlmə. Sizin müqavilələrə birtərəfli xitam verilib”. Soruşduq ki, necə yəni birtərəfli xitam verilib? Bizə dedilər ki, bilmirik, rəhbərlik birtərəfli xitam verib. Bilinmirdi rəhbərlik kimdir. Biz bir dəfə yanvarda maaş almışıq, o da dekabrın pulu. Yanvardan bəri bizim pulumuzu verməyiblər. Hətta biz 700 manatlıq müqavilə bağlamışdıq. Bizə dedilər ki, komandanın büdcəsi yaxşı olmadığına görə sizə 400 manat verəcəyik. Mənim 1500 manat pulum ordan yığılıb, 3500 manat da burdan. Ümumi olaraq klubun 5000 manat mənə borcu var.

Sonradan Adnanın (Əhmədzadə) dəstəsi, Rafail (Bunyatov – Adnanın adamı, klubun rəhbəri olub) müəllimgil gəldilər, komandanı götürdülər. Füzuli müəllim gələn ərəfələrdə. Bizim pulumuz da ortalıqda belə it-bat oldu. Amma mənim stadiona gəlib-getməyimlə bağlı çəkilişlərim var. Stadionda, işimdə olmuşam. Sadəcə olaraq, məşqçilər arasında belə bir şey var ki, hörmətsizlik edib kiminsə məşqinə müdaxilə edə bilmərik. Füzuli müəllim öz məşqçi heyəti ilə meydançaya daxil olanda mən gedib qıraqda durmuşam. Həmin ərəfədə ona hörmətsizlik edib meydançaya daxil ola bilməzdim. Amma stadiona gedib-gəlmişəm. Bütün bunlara baxmayaraq, “bu gün”, “sabah” deyib “fırlatdılar”, vermədilər pulumu”.

İbrahimli sonradan pulunu almaq üçün AFFA-ya da müraciət edib. Federasiyadan müsbət cavab da alıb. Amma “Mingəçevir” AFFA-nın qərarına rəğmən, onun pulunu ödəməyib:

“Sonradan mən bir jurnalistin vasitəçiliyi ilə AFFA-ya müraciət ünvanladım ki, sənədlərim, müqavilələrim – hər şeyim var. Ki, bəs durumum budur. AFFA-dan mənə dedilər ki, sənədləri göndər, mən də göndərdim. AFFA qərar çıxardı ki, siz haqlısız, pul sizin pulunuzdur. AFFA bunula bağlı iki sənəd göndərdi – birini mənə, birini də “Mingəçevir”ə. Yenə mənim pulumu vermədilər. Yenə “bu gün”, “sabah” deyə-deyə… Adnanı da tutdular həmin ərəfədə, komanda ümumiyyətlə pis vəziyyətə qaldı. Belə-belə, artıq bir il olur ki, pulumu ala bilmirəm.

Üç nəfər idik. Komandanın borcu var idi deyə, Ədəhim müəllim pulunu bağışladı. Elnar (Kərimov) müəllim AFFA-ya şikayət etmişdi, Ramiz müəllim (hazırda “Mingəçevir”in baş məşqçisi olan Ramiz Məmmədov) onu komandaya gətirdiyinə görə, o da o pulu bağışladı. Mən isə o pulu heç kimə bağışlayası deyiləm, çünki mənim haqqımdır, alacağımdır, almalıyam. Ona görə də, mən bu işin üstünə düşmüşəm. Bu məsələ belə işıqlandırılanda bilirəm ki, AFFA narahat olur. İndi mən neçə gündür AFFA nümayəndəsini yığıram, nə telefonuma, nə də mesajlarıma cavab verir. Halbuki, mənə görə AFFA İcraiyyə Komitəsi yığışıb komandanı bir dəfə 1000 manat cərimələyib ki, bu adamın pulu verilməlidir. İndi nə komandadan, nə rəhbərlikdən, nə də futbol aləmindən başı çıxan bir nəfər ortalığa çıxıb demir ki, “qardaş, bir aya, beş günə…. səbirli ol”, nə bilim… Lehimə qərar da çıxarılıb. Hər şey mənim xeyrimədir. Amma yenə də mən pulumu ala bilmirəm. Eyni Azər Həşimovgilin başına gələn… O vaxtı da Füzuli müəllim gəldi… Bu, Füzuli müəllimin taktikasıdır da. Ki, “mən gəldim, Azər müəllimgil məşqə çıxmadılar və müqavilələrə qarşılıqlı xitam verildi”. Eyniylə, “Mingəçevir”də bizə yaşatdıqlarını, ində də “Karvan Yevlax”da Azər müəllimgilə yaşatdı.

Qaldı ki Adnangil Mingəçevirə gələndə ay belə baza, ay belə futbol, ay belə stadion, ay belə uşaq futbolu… İnanın ki, dediklərindən bir dənəsini belə, reallaşdırmadılır. Bir top belə olsun, alıb uşaq futboluna verməyiblər. Onlar gələndən heç bir iş görülməyib – nə uşaq futbolu ilə bağlı, nə də “Mingəçevir” komandası ilə bağlı heç bir addım atılmayıb”.

Həmsöhbətimiz sonda onu da bildirdi ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub, qazidir. Həmçinin, o, müharibənin gedişində ölkə prezidentinə “Mingəçevirdə hər şey var, təkcə futboldan başqa” deyə, video-müraciət də ünvanlayıb. Dediyinə görə, bundan sonra isə Mingəçevirdə böyük futbol yaranıb. Öncə həvəskarlar liqasında çıxış edən komanda daha sonra 1-ci Liqaya yüksəlib.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button