Azərbaycan millisini gözləyən fəlakət: Bizimkilər “yatır”, qolları əcnəbilər vurur

Azərbaycan Premyer Liqasının cari mövsümündə bombardirlər yarışında legioner futbolçuların üstünlüyü açıq şəkildə hiss olunur. PFL-in təqdim etdiyi siyahıya baxdıqda, 14 ən məhsuldar futbolçudan 12-si əcnəbidir! Burada yerli oyunçulardan yalnız Emin Mahmudov və Toral Bayramovun adları var ki, onların da mövqeyi hücum xətti deyil. Birincisi yarımmüdafiə, digəri isə müdafiə xəttində çıxış edir. Yəni, Azərbaycan Premyer Liqasında bir nəfər belə, azərbaycanlı hücumçunun “qol silahı” rolunu oynaya bilməməsi ciddi narahatlıq doğurur.

Premyer Liqanın 2025/26 mövsümündə ən çox qol vuran 14 futbolçu:

Coy-Lens Mikels – “Sabah”, Almaniya (14 qol)
Bassala Sambu – “Neftçi”, İngiltərə (10)
Velko Smiç – “Sabah”, Serbiya (9)
Karim Rossi – “Şamaxı”, İsveçrə (9)
Ba-Muaka Simakala – “Araz-Naxçıvan”, Almaniya (8)
Emin Mahmudov – “Neftçi”, Azərbaycan (8)
Toral Bayramov – “Qarabağ”, Azərbaycan (7)
Dioqo Almeyda – “İmişli”, Portuqaliya (7)
Aron Maluda – “Sabah”, Fransa (7)
Aleksandr Ramalinqom – “Sumqayıt”, Fransa (6)
Domi Massumo – “Qəbələ”, Konqo (6)
Alexandro Serrano – “Turan Tovuz”, İspaniya (6)
Vensan Abubakar – “Neftçi”, Kamerun (6)
Joarlem Santos – “Turan Tovuz”, Braziliya (6)

Bu vəziyyət milli komanda üçün də böyük problemdir. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov qarşıdakı oyunlarda kimdən qol vurmağı gözləməlidir, bu barədə, görünür, ciddi şəkildə düşünməlidir. Martın 27-də start götürəcək FİFA Series-2026 oyunları yaxınlaşır, amma yerli hücumçuların effektivliyi ilə bağlı vəziyyət nəinki ürəkaçan deyil, hətta acınacaqlıdır.

Almaniyanın 2-ci Bundesliqasında çıxış edən Mahir Emreli uzun müddət qol vurmaqda çətinlik çəkirdi. Və o, qola o qədər həsrət qalmışdı ki, çıxış etdiyi çempionatda ötən həftə fərqəndikdən sonra hətta göz yaşlarını belə, saxlaya bilmədi. Bu, bir daha göstərir ki, yerli hücumçuların motivasiyası və məhsuldarlığı hazırkı səviyyədə yetərli deyil. Həmçinin, qışda “Qarabağ”dan ABŞ-a üz tutan Nəriman Axundzadə hələ “Kolumbus Kru”da meydana çıxmaq şansı qazanmayıb və hazırda komandasına hücumçu potensialı ilə fayda verə bilmir.

Əlbəttə, legioner limitinin tətbiq olunmaması yerli hücumçuların çıxışını nisbətən məhdudlaşdırır. Amma buna baxmayaraq, hazırda Azərbaycanda qolları ardıcıl sıralaya, komandasını çiyinlərində daşıya biləcək yerli hücumçu yoxdur. Hər halda, elə bir hücumçu olsaydı, limit(sizliy)ə baxmayaraq, Premyer Liqa klublarının baş məşqçiləri ona qarşı qərəzli davranıb, ehtiyatda oturtmazdı. Bütün bunlar isə milli komanda üçün ciddi problemdir.

Kəsəsi, yerli futbolçular arasında qol vurmağı bacaranların az olması (ya da, “heç olmaması” da demək olar) Azərbaycan futbolunun daha bir qüsuru, daha bir dərdidir. Bu elə bir dərddir ki, düzü, tezliklə sağalacağına da ümid yoxdur. Avrokuboklarda, ölkə çempionatında yerli futbolçuların qol vurmaq baxımından “qısırlığ”ı elə də hiss olunmur, olunmayacaq da. Çünki bu işi bizim üçün əcnəbi futbolçular edir. Ancaq yerlilərin bu qolsuzluq problemi Azərbaycan millisinin beynəlxalq arenalarda başını ağrıdacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button