“Neftçi”yə istirahətə gəlməmişəm” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu “ağ-qaralar”ın rəsmi televiziyasına müsahibə verib.

Komanda.az xəbər verir ki, rumın məşqçi bura istirahətə gəlmədiyini deyib:

“Neftçi”yə istirahətə gəlməmişəm. Qalibiyyətlər əldə etmək üçün üçün buradayam. Komandanı layiq olduğu zirvələrə qaldırmağa hazıram”.

44 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə danışıqların bir neçə həftə əvvəl başladığını bildirib:

“Uzun sürən danışıqlardan sonra qərarımı verdim. Zəng gəldikdən sonra daha dərindən araşdırmalara başladım və “Neftçi”nin klub olaraq nə anlam verdiyini öyrənməyə çalışdım. Bilirəm ki, ölkənin çılğın azarkeş qrupuna malik ən böyük klubudur. Məni daha çox təklif olunan layihə cəlb etdi”.

Mutu təyinatdan əvvəl “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfla da danışdığını söyləyib:

“Onunla uzun müddətdir ki, dostuq. Eyni zamanda milli komandanın şərəfini qorumuşuq. Regekampfdan klub haqqında ümumi məlumatları soruşdum və olduqca yaxşı informasiyalar əldə etdim. Amma “Neftçi” haqqında ətraflı danışmadıq, klubu şəxsən özüm araşdırmaq və tanımaq istədim. Çalışacam ki, məndən əvvəl baş verənlər unudulsun, çünki yeni layihəyə başlayırıq. Burada olduğum üçün çox xoşbəxtəm, uğur qazanmaq üçün də olduqca istəkliyəm. Əminliklə deyə bilərəm ki, nailiyyətlər əldə etmək üçün 200 faiz işləməyə belə, hazıram. Bu, mənim üçün böyük çağırışdır. Buna çox ciddi yanaşıram. Ümid edirəm ki, olduqca vacib uğurlar əldə edəcəm. Hər şeyin başlanğıcında olduğumuzdan xəbərdaram. Amma üzərimizdə çox işləməli və inkişaf etməliyik”.

Rumıniyalı mütəxəssis “Neftçi”nin bir neçə oyununu izlədiyini və bu səbəbdən komandanın bəzi futbolçularını tanıdığını vurğulayıb:

“Təlim-məşq toplanışındakı iki matça da baxmışam. Səmimi danışsaq, öz üzərimizdə çox işləməliyik. Bu, olduqca vacibdir. Hansı mövqeyə futbolçuların tələb olunduğu barədə danışmaq isə hələlik tezdir. Çünki bunun üçün mənə vaxt lazımdır. Komandaya bir dəfə məşq keçmişəm. Hər şeyi düzgün qiymətləndirmək üçün zamana ehtiyacım var. Düşünürəm ki, yeni futbolçular da lazımdır. Çünki qarşıda bizi UEFA Konfrans Liqası daxil olmaqla bir neçə yarış gözləyir. Bütün turnirlərdə sağlam rəqabət aparmaq üçün daha geniş heyətimiz olmalıdır”.

O, “Neftçi”nin ölkənin ən böyük klubu olduğunu sözlərinə əlavə edib:

“Qərarımı verdikdən sonra məni hansı təzyiqlərin gözlədiyini bilirdim. Bundan qorxmuram. Çünki bu, mənə daha çox motivasiya verir və işimə daha çox köklənməyə vadar edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button