Yarımçıq futbolçu – Araz Abdullayev

Rəşad Ergün

İngiltərəyə, Yunanıstana, Kiprə, Türkiyəyə getdi-gəldi, amma heç vaxt ondan gözləniləni verə bilmədi. Heç Azərbaycan miqyasında da böyük futbolçu olmağı bacarmadı.

Oysa, qarışqadan fil düzəldən Azərbaycan mətbuatı bu oğlanın – Araz Abdullayevin istedadını mədh etməkdən yorulmur, onun gələcəyin böyük futbolçusu olacağına cani-qəlbdən inanırdı.

İndi həmin Araz az qala oğlu yaşındakı uşaqla – “parkovşik”lə (bu arada, dilçi alimlər bu sözün ana dilindəki qarşılığını tapsa, yaxşı olar, az qala bütün mediada “parkovşik” sözü adamın gözünü deşir) üz-göz olur, hədələyir, “başını əzərəm” deyir, vurur…

Araz Abdullayev heç vaxt ondan gözləniləni verə bilmədi.

Araz Abdullayev qarışqadan fil düzəldən Azərbaycan mətbuatının böyük xəyal qırıqlığı oldu.

Araz Abdullayev heç vaxt intellekti ilə seçilmədi.

Araz Abdullayev heç vaxt oxumadı, öyrənmədi.

Araz Abdullayev ya istedadı olub xarakteri olmayan, ya da xarakteri olub istedadı olmayan, daim yarımçıq olan, yarımçıq qalan azərbaycanlı futbolçuların “vizit vərəqi” oldu.

Araz Abdullayev mətbuatın şəninə təriflər yağdırmasından meyxoş olduğu vaxtlarda avtomobili ilə adam vurdu, ölümünə səbəb oldu. Amma başqaları eyni hadisəyə görə həbsxanada çürüyərkən, o, kimlərinsə hesabına heç bəlkə, ifadə vermək üçün polis şöbəsinə də getmədi. Araz Abdullayevi onda itirmişdi Azərbaycan futbolu. Əslində, Azərbaycan futbolu Abdullayevi heç qazanmamışdı da… Heç vaxt.

Araz Abdullayev Azərbaycan futbolunun, Azərbaycan cəmiyyətinin “vizit vərəqi”dir. Yarımçıq futbolçu və bir şəkildə əldə etdiyi imtiyazlardan başı gicəllənən, bu gün baş əzmək istəyən, savadsız, intellekt səviyyəsi ilə fəxr edilməyəcək biri.

Başın sağ olmasın, Azərbaycan futbolu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button