“Azərbaycan futbolu “Qarabağ”ın dəyişməyən strategiyasının sayəsində nəfəs almaqda davam edir” SORĞU

Azərbaycan Premyer Liqasında artıq 17 tur geridə qalıb.

Turnir cədvəlinə nəzər salsaq, “Neftçi” lider, “Qarabağ” isə ikinci sırada qərarlaşıb. Çempionluq uğrunda mübarizə aparan hər iki komandanın aktivində 33 xal var. Lakin “ağ-qaralar” şəxsi oyunlara görə üstün olduğu üçün liderlik postunda yer alır.

Üçüncü pillədə isə “Zirə” komandası yer alıb. Zirvədən 5 xal uzaqda qalan qəsəbə təmsilçisinin çempionluq şansı elə də real görünmür. Avrokuboklarda iştirak üçün son vəsiqənin sahibi isə mövsümü 4-cü sırada bitirən komanda (və ya ölkə kubokunu qazanacaq komanda) olacaq. Hazırda bu yerdə qərarlaşan “Sumqayıt” komandasını “Qəbələ”dən 2, “Səbail”dən 5, “Keşlə” və “Sabah”dan isə 8 xal ayırır.

Bəs avrokubokların yeni mövsümündə Azərbaycanı hansı komandalar daha layiqli təmsil edə bilər? Bu sualı futbol mütəxəssisləri və idman yazarlarına ünvanladıq:

Arif Əsədov, Azərbaycan milli komandasında köməkçi-məşqçi:

“İndidən kimin layiq olub-olmadığını demək çətindir. Qısaca onu deyə bilərəm ki, ilk üçlükdə yer alan komandaların hazırda göstərdiyi oyuna görə daha layiqli olduğunu demək olar. Bu komandaları həm xal ehtiyatına, həm də heyətinə görə digərlərindən fərqləndirmək olar. “Neftçi” və “Qarabağ”ın heyəti geniş olsa da, “Zirə” üçün bunu demək olmur. Xüsusilə də, son oyunlarda zədələrdən problem yaşayırlar. Dördüncü pilləyə isə hər bir komandanın şansı var və hər biri də layiqli təmsil edə bilərlər. Bu pilləyə də kim layiqdirsə, o da bu yeri tutacaq. Mövsümün sonuna hələ 11 tur var. Hansısa komanda artıra, hansısa da çətinlik çəkib, zəifləyə bilər. Buna görə də, yarış hələ davam edir”.

Nazim Süleymanov, Azərbaycan millisinin keçmiş futbolçusu:

“Onsuz da bizdə elə çox komanda yoxdur. Say səkkizdir və hər biri də avrokuboklarda iştirak edə bilər. Baxmayaraq ki, “Sabah” sonuncu sıradadır, onların da şansı var. Çoxlu komanda olmadığı üçün 8 komandanın hər birinin şansı var ki, avrokuboklarda çıxış etsin. Hər bir klubun öz məqsədi, strategiyası var. Hər bir klub istəyir ki, avrokuboklara getsin və Azərbaycanı yaxşı təmsil etsin. Mövsümün əvvəlində hamı “Sabah” haqda başqa fikirdə idi. Düşünülürdü ki, komanda artıq çempionatda medallar uğrunda, bəlkə də, çempionluq üçün mübarizə aparacaq. Bunu həm jurnalistlər, həm futbol mütəxəssisləri deyirdi. Ancaq indi görürsən ki, proqnozlar düz olmadı və “Sabah” sonuncu sıradadır. Avrokuboklarda Azərbaycanı təmsil edən köklü klublarımız olub. Amma bunlardan indi ikisi qalıb. Onlardan başqa, kim var ki köklü klublardan? Vaxtilə “Xəzər Lənkəran”, “Kəpəz”, “MKT-Araz”, AZAL, “Simurq” və başqa klublar oynamayıb? İndi köklü klublardan “Neftçi” və “Qarabağ” qalıb. Qalanlarının sabah necə olacağı bilinmir”.

Vüsal Mahmudov, (“futbolinfo.az”):

“Komandalar arasında ciddi səviyyə fərqi yoxdur. İlk üçlük nisbətən fərqlənən komandalardır. Dördüncü kollektivin isə “Sabah” olmasını istərdim, komandanın əla heyəti, yaxşı potensialı var. Bir şərtlə ki, bu komandaya yaxşı baş məşqçi təyin edilsin. Aftandil Hacıyev, Ayxan Abbasov və ya başqa biri ilə “Sabah” ölkəmizi normal təmsil edə bilər. Amma bunun mümkün olması çətindir, “Sabah” rəhbərliyi hələ də Visente Qomesin möcüzə göstərəcəyinə ümid edir. Ona görə də, dördüncü vəsiqəyə oyunuyla, heyəti ilə daha layiqli olan “Qəbələ”dir”.

İlkin Vaqifoğlu, (“sportinfo.az”):

“Cari mövsümün geridə qalan hissəsinə ümumi nəzər salsaq, deməzdim ki, hansısa klubumuz avrokuboklara hazırdır. Hərəsinin bir cür problemi var. “Qarabağ”, “Neftçi”, “Zirə” və “Sumqayıt” beynəlxalq turnirlərdə iştirak etməyə daha yaxın görünür. “Qəbələ” və “Keşlə” də sürpriz şəkildə avrokuboklara gedə bilər. Çempionatda komanda sayı çox azdır və gedişat elədir ki, vəziyyət hər tur dəyişikliyə açıqdır. Avrokuboklarda iştirak hələ nəticə qazanmaq demək deyil. Mən klublarımızın üzümüzə gələn avrokubok mövsümündə statist rolunu oynayacağından narahatam. Azərbaycanda futbol ilbəil geri gedir. Bir neçə il öncəyədək klublarımız iki-üç mərhələ keçirdi. Son iki mövsümdə “Qarabağ” ümumiyyətlə, meydanda tək qalıb. Qalanları ya bir mərhələ keçib dayanır, ya da elə ilk turda mübarizəni dayandırır. Yaxın perspektivdə işıq ucu görünmür. Avrokuboklarda iştirak xatirinə iştirak Azərbaycanı UEFA reytinqində çox geri salır. Bilirik ki, UEFA reytinqi beş ildən bir yenilənir və klubların topladığı xallar ölkənin sıradakı mövqeyini müəyyənləşdirir. Ötən beş ildə “Qarabağ”dan savayı, heç bir komanda Azərbaycanın xal xanasını zənginləşdirməyib. Ona görə də, yaxın gələcəkdə reytinqdə geriləməyimiz qaçılmazdır. Bu da futbolumuza növbəti uğursuzluq vəd edir. Reytinqdə gerilədikcə, komandalarımız ilkin mərhələdəcə özündən xeyli güclü rəqiblərlə üz-üzə gələcək. Bu, yağışdan çıxıb, yağmura yaxalanmaq olacaq. Ümumi mənzərə çox qorxuncdur. Azərbaycan futbolu “Qarabağ”ın illərdir dəyişməyən və sabit qalan strategiyasının sayəsində nəfəs almaqda davam edir. “Qarabağ” da bir yerə kimi təkbaşına bu ağırlığın öhdəsindən gələ bilər. Ona da kömək və dəstək lazımdır. Bu da aidiyyatlı qurumların, AFFA-nın işidir. Premyer Liqanın coğrafiyası genişlənməli, azad rəqabət mühiti formalaşmalıdır ki, təmsilçilərimiz əvvəlki illərdəki kimi avrokuboklarda nəsə edə bilsin. Bir-iki ayın, yaxud bir-iki həftənin içində avrokuboklara hazırlaşmaq olmur. Bu proses ilboyu davam etməlidir – sağlam və gərgin daxili çempionatın sayəsində”.

Anar Xanlarov, (“rekord.az”):

“Bizdə Premyer Liqada cəmi 8 komanda var. Onun da dördü, yəni tən yarısı avrokuboklara yollanacaq. “Qarabağ”la “Neftçi” yüz faiz yollanacaq, bunu indidən də demək olar. Üçüncü komanda böyük ehtimalla “Zirə” olacaq. Çünki Rəşad Sadıqov qısa zamanda layiqli komanda yarada bilib və göstərdikləri oyunla avrokuboku haqq edirlər. Sual doğuran məqam dördüncü pillə ilə bağlıdır ki, bura da dörd komanda iddia edir. Həmin dörd komanda içərisində isə bugünkü gün üçün ən layiqli “Sumqayıt”ı hesab edirəm. Çünki 8 komanda arasında ən az büdcəyə malik olsalar da, ən əzmkar və döyüşkən futbol ortaya qoyurlar. Bu mənada dördüncü layiqli komanda kimi “Sumqayıt”ı qeyd edərdim”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button