Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalında!

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.

Əliabbas Rzazadə ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Əliabbas 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini darmadağın edərək finala vəsiqə qazanıb.

Zirəddin Bayramov ilk görüşdə rusiyalı idmançıya uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də təsəlliverici görüşə çıxacaq.

Cəbrayıl Hacıyev Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbəylə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisiylə görüş olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn Cəbrayıl finala adlayıb.

İslam İlyasov debütdə Rusiya güləşçisinə məğlub olub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları mayın 18-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, medallar uğrunda mübarizə isə 20:00-da start götürəcək.

57 kq
1/8 final: Əliabbas Rzazadə – Beşir Alili (Şimali Makedoniya) +:-
1/4 final: Əliabbas Rzazadə – Hafiz Can Hasdemir (Türkiyə) 12:2
1/2 final: Əliabbas Rzazadə – Simyone Piroddu (İtaliya) 14:1
Final: Əliabbas Rzazadə – Axmed İdrisov (Rusiya)

65 kq
1/8 final: Zirəddin Bayramov – Abdulməcid Kudiyev (Rusiya) 3:5
Təsəlliverici görüş: Zirəddin Bayramov – Sergiu Lupasko (Moldova)

70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Elbakidze (Gürcüstan) 4:2
1/4 final: Cəbrayıl Hacıyev – Tobias Portman (İsveçrə) 9:2
1/2 final: Cəbrayıl Hacıyev – İnalbek Şeriyev (Rusiya) 7:6
FİNAL: Cəbrayıl Hacıyev – Nikolay Qrahmez (Moldova)

97 kq
1/8 final: İslam İlyasov – Aslanbek Sotiyev (Rusiya) 1:3