Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Fəraim Mustafayev estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran Mustafayev finala vəsiqə qazanıb.

Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini “tuşe” ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Kənan iyunun 19-da təsəlliverici görüşə çıxacaq.

Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisiylə gərgin keçən mübarizədə də sevinən tərəf olan Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan Baxışlı finala adlayıb.

Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 19-da keçiriləcək.

48 kq
1/4 final: Fəraim Mustafayev – Oliver Qrauen (Estoniya) 8:0
1/2 final: Fəraim Mustafayev – Kazbek Tarkanov (Rusiya) 9:0
Final: Fəraim Mustafayev – Servet Angi (Türkiyə)

55 kq
Təsnifat: Fərid Baxışlı – Yuhan Kristyuhan (Estoniya) 9:0
1/8 final: Fərid Baxışlı – Luka Musman (Almaniya) 11:1
1/4 final: Fərid Baxışlı – Konstantin Savçuk (Rusiya) 6:4
1/2 final: Fərid Baxışlı – Saveliy Raşçinski (Belarus) 4:2
Final: Fərid Baxışlı – Armen Sukiasyan (Ermənistan)

65 kq
Təsnifat: Kənan Abdullazadə – Nihat Kara (Türkiyə) 3:2
1/8 final: Kənan Abdullazadə – Aşot Xaçatryan (Ermənistan) 7:3 (tuşe)
1/4 final: Kənan Abdullazadə – İmed Xudzadze (Ukrayna) 1:3
Təsəlliverici görüş: Kənan Abdullazadə – Saya Brunner (İsveçrə) / Sotirios Kutelis (Yunanıstan)

80 kq
1/8 final: Cocu Səmədov – Maksim Masiukeviç (Belarus) 5:7