Azərbaycan güləşçisi Rusiyada çempion oldu

Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinə start verilib.

Komanda.az xəbər verir ki, yanvarın 27-də qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.

Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub – 2:3. Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı isə sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.

Kolesnik yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşıb. İlk hissəni rəqib minimal fərqlə öndə başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən təmsilçimiz 5:3 hesablı qələbəylə yarışda çempion olub.