Axmaqdırlar, yoxsa istedadlı dələduz?

Natiq Muxtarlı

El dilində yazım ki, lap aydın olsun ey. Dədə balası, futbolçu məhsuldur. Məhsulu yetişdirmək üçün nə etmək lazımdır? Ay sağ olun, əvvəlcə yer şumlanmalıdır, mala verilməlidir, yəni infrastruktur qurulmalıdır. Sonra da o şumlanmış, malalanmış sahəyə toxum səpilməlidir. Sonra nə olmalıdır? Sonra aqrotexniki tədbirlər başlayır.

Dədə balası, futbolçunun yetişməsi üçün əvvəlcə infrastruktur qurulmalıdır. Ondan sonra savadlı kadrlar məhsulu – futbolçunu yetişdirmək üçün bütün zəruri tədbirləri – aqrotexniki qaydaları tətbiq etməlidirlər. Mahir Emreli Polşaya gedəndən sonra nə demişdi? Demişdi ki, uşaq futbolunda öyrənməli olduqlarımı burda öyrənirəm. Yəni bu o deməkdir ki, bizdə uşaq futbolu yoxdur, bizdə futbolçu yetişdirmirlər.

Bizdə futbolçu yetişdirilmədiyi ilə bağlı daha bir misal çəkim, siz də tam əmin olun bu iddiaya. İndi hansı birinizdən soruşsam ki, Türkiyə və Azərbaycanda uşaq futbolundakı infrastrukturu müqayisə edin, deyəcəksiz ki, yerlə göy qədər fərq var. Bax, o türkiyəlilərin İspaniyada adından söz etdirmiş futbolçusu Nihat Kahveçi İspaniya və Türkiyənin uşaq futbolundakı durumunu müqayisə edərək belə qənaətə gəlib: “Yerlə göy qədər fərq var”. İndi görün biz İspaniya ilə müqayisədə haradayıq də.

Bax, bizdə futbolçu yetişdirmirlər, amma yığma komandadan nəticə tələb edirlər. Yəni futbolçu olmayanlardan tələb edirlər nəticəni. Bizdə futbolçu yetişdirmirlər, amma israrla xaricdən məşqçi gətirirlər ki, futbolçu olmayanlarla nəticə versin.

12 oyunda qələbə qazana bilməyən bir milli üçün 2 mövsümə 20 milyon manat vəsait xərclənib. O millinin əcnəbi məşqçilərinə də 2 il ərzində 10 milyon manat verilib.

İndi sizdən soruşuram: onlara bu vəsaiti niyə veriblər? Əminəm, deyəcəksiz ki, futbol təsərrüfatımıza rəhbərlik edənlər axmaqdırlar.

Hə, bax, burda səhvə yol veririk. Onlar axmaq deyillər. Onlar axmaq olsaydılar, illərlə nəhəng bir təsərrüfata rəhbərlik etməzdilər. Yəni həm də bizə rəhbərlik etməzdilər. Onlar axmaqdırlarsa, onda biz kimik? Onlar axmaq deyillər. Onlar dələduzdurlar. Özü də istedadlı dələduz. İstedadlı dələduzlara isə Azərbaycanda həmişə ehtiyac olub. Onlar toxunulmazdırlar. İstedadlı dələduzlar vicdanlı adamları da idarə edirlər, çox rahatlıqla. Biz isə onları axmaq hesab edib təsəlli tapırıq. Onlar isə bizə gülürlər, istədiklərini edirlər. Futbola ayrılan vəsaitin neçə faizini o “axmaq” hesab etdiklərimiz yuyurlar? Bunu hesablamaq bizim işimiz deyil, bacarmarıq. Bunun üçün dələduz olmaq lazımdır, özü də istedadlısından. Gedib işimizlə məşğul olaq, onlara mane oluruq, istedadlı adamlara böhtan atırıq. Amma fərqində olaq ki, onlar axmaq deyillər. Axmağın axmağı bizik.

Bizi Telegramda izləyin