Avropa çempionatının son günündə 2 qızıl və 2 bürünc medal

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı sona çatıb.

Komanda.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanından da güclü olan həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə ukraynalı rəqibinə elə ilk hissədə qalib gələn Həsənov Avropa çempionu olub!

Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub. Ancaq Bolqarıstan güləşçisi finaladək irəlilədiyi üçün millimizin üzvü iyunun 20-də təsəlliverici görüşə çıxıb və Rusiya idmançısını mübarizədən kənarlaşdırıb. Çexiya təmsilçisinin də işini ilk hissədə bitirən Dadaşov bürünc medalı boynundan asıb.

Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb. Türkiyədən olan rəqibini də vaxtından əvvəl məğlubiyyətə uğrada güləşçimiz finala adlayıb. Xəlilov Macarıstan idmançısıyla həlledici görüşün ilk hissəsində hesabda geri düşsə də, geridönüş edərək qələbə qazanıb və komandamızın hesabına 4-cü qızıl medalı yazıb.

Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Türkiyə təmsilçisinə uduzan Nurullayev bürünc medal görüşündə yerli güləşçiyə tam üstünlüklə qalib gələrək yığmamıza sonuncu – 7-ci medalı qazandırıb.

Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.

45 kq
1/4 final: Rahim Həsənov – Filip Çapka (Çexiya) 8:0
1/2 final: Rahim Həsənov – Anri Xozrevanidze (Gürcüstan) 8:5
Final: Rahim Həsənov – Nikita Dementiyev (Ukrayna) 12:0

51 kq
1/8 final: Pərviz Dadaşov – Borislav Kirilov (Bolqarıstan) 3:6
Təsəlliverici görüş: Pərviz Dadaşov – Erzu Zakriyev (Rusiya) 5:1
Bürünc medal görüşü: Pərviz Dadaşov – Filip Bartoşik (Çexiya) 9:0

60 kq
Təsnifat: Fərid Xəlilov – Rati Xozrevanidze (Gürcüstan) 13:5
1/8 final: Fərid Xəlilov – Oleq Bajura (Moldova) 11:2
1/4 final: Fərid Xəlilov – Rostom Makiçyan (Ermənistan) 8:0
1/2 final: Fərid Xəlilov – Enes Ülkü (Türkiyə) 9:0
Final: Fərid Xəlilov – Levente Levay (Macarıstan) 6:3

71 kq
Təsnifat: Ruslan Nurullayev – Tom Stoll (Almaniya) 9:0
1/8 final: Ruslan Nurullayev – Miloş Peroviç (Serbiya) 8:0
1/4 final: Ruslan Nurullayev – Tornike Mikeladze (Gürcüstan) 5:2
1/2 final: Ruslan Nurullayev – Alperen Berber (Türkiyə) 3:5
Bürünc medal görüşü: Ruslan Nurullayev – Dimitar Raçev (Bolqarıstan) 9:0

92 kq
1/8 final: Cavidan Nuri – Kriştian Kis (Macarıstan) 5:0
1/4 final: Cavidan Nuri – Abubakar Xaslaxanov (Belarus) 1:5