Ronaldonu mükəmməl, Runini tənbəl sayır – Keçmiş futbolçu

2006-2014-cü illər aralığında “Mançester Yunayted”də forma geyinən Nemanya Vidiç Kriştiano Ronaldo və Ueyn Runi haqda danışıb.

Komanda.az “Vibe with Five”-a istinadən xəbər verir ki, o, Runinin əlavə məşqlərə vaxt ayırmadığını söyləyib:

“Mənim üçün Kriştiano Ronaldo mükəmməldir. Yadımdadır, “Mançester Yunayted”ə gələndə arıq oğlan idi. İllər boyu inkişaf etdi, məşqlərini dayandırmadı. Arzularına çatmaq üçün hər şeyi qurban verməyə hazır idi.

Yəqin “instaqram”da onu izləyirsiz. Etdiyi şeylər çox çılğındır, amma o, buna layiqdir. 18, 19, 21 yaşlarında olarkən əyləncələrə getmirdi, arzuları üçün mübarizə aparırdı. Ona görə də, qazandığı hər şeyə layiqdir.

Məncə, Runi bu məsələdə uğursuz oldu. O, Ronaldo ilə eyni xasiyyətdə olsaydı, daha çox şeyə nail ola bilərdi. Runi fiziki və texniki cəhətdən əla idi. Meydançada da əla komanda yoldaşıdır. Karlos Teves də komanda üçün çox çalışırdı.

Bəzi məqamlarda Ronaldo və Runi bir-birinə bənzəyir. Ueyn sırf istedadı hesabına oynayırdı. O, əlavə məşqlərə vaxt ayırmırdı, fiziki hazırlığına sərmayə qoymurdu”.

Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edir. Runi isə ABŞ-nin “Di Si Yunayted” komandasını çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button