
11 aydan sonra geri döndü
“Arsenal”ın hücumçusu Qabriel Jesus uzun fasilədən sonra ilk dəfə rəsmi matçda meydana çıxıb.
Baş məşqçi Mikel Arteta braziliyalı forvardı UEFA Çempionlar Liqasının 6-cı turunda, “Brügge”yə qarşı oyunun 62-ci dəqiqəsində Viktor Qyokereşi əvəzləyərək meydana buraxıb. Həmin anda “topçular” 3:0 hesabı ilə öndə idi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu sonuncu dəfə yanvarın 12-də – İngiltərə kubokunda “Mançester Yunayted”lə görüşdə oynayıb. Məhz həmin oyunda aldığı çarpaz bağların zədəsi onu uzun müddət yaşıl meydanlardan kənarda saxlamışdı.
Qabriel Jesus “Arsenal”a 2022-ci ildə “Mançester Siti”dən transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna kimidir.
Bizi Facebook-da izləyin



