“Oyunçularımı da başa düşürəm, çox çətindir”

“Araz”ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə Çempionlar Liqasının ilk oyununda “Halle-Gooik”ə (Belçika) məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan Alesio, 1:5 hesabıyla uduzduqları oyunu belə şərh edib:

“Bura gələnə qədər fərqli istiqamətdə hazırlaşıb, məşqlər etmişdik. Ancaq səfər zamanı 4 futzalçımızın bizə qoşula bilməyəcəyini biləndə bir gecədə planımızda məcburi dəyişiklik etməli olduq. Razılaşarsız ki, aylarla məşq etdiyin sistemi bir gecədə dəyişib yeni sistemə uyğunlaşmaq sadəcə, mümkün deyil. İstənilən sistemin tətbiqi üçün üzünmüddətli məşqlər etmək lazımdır. Uşaqlarla danışdıq, toparlanmağa, 6 oyunçu ilə edə biləcəyimizi reallaşdırmağa çalışdıq. Məncə, məhdud heyətlə oyunumuz pis alınmadı. Uşaqlar çox istəkli idilər, meydanda oyun intizamını pozmadılar. Qol vurmaq üçün də epizodlar yaratdıq. Təəssüf ki, onları reallaşdıra bilmədik.

İkinci hissədə də pressinq tətbiq etdik. Oyunçularımı da başa düşürəm, çox çətindir. Sabahkı oyun üçün uşaqları yenidən bir yerə yığıb, vəziyyətə uyğun plan cızacağıq. Düzdü, hələ növbəti mərhələyə yüksəlmək üçün şanslarımız var, amma bunu reallaşdırmaq çox çətin olacaq. Düşünürəm ki, gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik”.