“Millətlər Liqasının oyunları göstərdi ki, bizim də uşaqlarımız futbol oynaya bilir” – Müsahibə

AFFA-nın vitse-prezidenti və Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

  • Vaqif bəy, Azərbaycan yığmasının dünən Lüksemburqa qarşı keçirdiyi oyunu necə dəyərləndirirsiz?
  • Vallah, oyunda yadda qalan son məqamlar oldu. İkinci hissənin son dəqiqələrində yığma fəallığını artırmışdı. İnşallah, bunun davamını görmək istəyirik. Qısa müddətdə görülən işlərin nəticəsini sonda biz yaxşı komanda formalaşdırmaqda görə biləcəyik. Bir şeyi də qeyd etməliyəm ki, bəlkə də, ilk dəfədir ki, dünənki heyətdə bütün futbolçular Azərbaycan Premyer Liqası klublarında çıxış edənlər idi. Bundan başqa, bu günün gənclərinin əsas yığmada yer almağı da sevindirici haldır. Yeni komanda yaradılır, zamana və səbrə ehtiyacımız var. İnşallah ki, bu işlərin də nəticəsini görəcəyik.
  • Azərbaycan yığması 6 oyuna 2 qol vurdu və 4-ünü də buraxdı. Ümumilikdə qazanılan 5 xal var. Komandanın bu seçmə mərhələdəki çıxışını necə qiymətləndirirsiz?
  • Yeni baş məşqçi üç aydır ki, komanda ilə çalışır. Bilirsiz ki, koronavirus da futbola mane olur və bəzən futbolumuzda boşluqlar olur. Canni De Byazinin qarşısına qoyulan vəzifələrdən biri Azərbaycan futbolunun potensialını dərindən öyrənməsi idi. Milli komanda səviyyəsində olan futbolçuları sınaqdan keçirsin, onlara uyğun oyun modeli qursun. Bunları edə-edə nəticə qazanmaq da çətindir. Əsas məqsəd yeni bir yığma formalaşdırmaq idi və bundan sonra milli komandadan daha yaxşı oyun sərgiləməsi gözlənilir. De Byazi işlədiyi müddətdə müxtəlif sistemləri həyata keçirdi, yoxladı. İndi görünən odur ki, komandada oturmuş müdafiə xətti var.
  • Müdafiə xətti yaxşı olsa da, komanda qol vura bilmir, hücumda problem var…
  • Düzdür, hücumda problemlərimiz var. De Byazi oyunu təkmilləşdirməli və problemləri aradan qaldırmaq üçün çalışdırmalıdır.
  • Canni De Byazinin qarşısına qoyulan komanda formalaşdırmaq işini yerli mütəxəssislər icra edə bilməzdi? Onsuz da koronavirus pandemiyasına görə maliyyə problemləri var və bunları nəzərə alıb, yığmanın “sükan”ını yerli mütəxəssislərə tapşırmaq olmazdı?
  • Bilirsiz, hazırda təyinat olub və artıq baş məşqçi var. Ayrı-ayrı fikirlər var idi – yerli və xarici mütəxəssislər müzakirə olunurdu. Amma indi qərar qəbul edilib və komandanın baş məşqçisi də var. İnanıram ki, zaman gələcək və yerli mütəxəssisləri də baş məşqçi kimi millinin “sükanı arxasında” görəcəyik. Bizim çoxlu istedadlı gənc yerli məşqçilərimiz var. Onların da Azərbaycan yığmasına rəhbərlik edəcəyi vaxt olacaq, sadəcə indi onlar çalışaraq, De Byaziyə dəstək olmalıdır. Onlar da təcrübə yığıb, vaxtı gələndə milli komandaya rəhbərlik edəcəklər.
  • AFFA-nın vitse-prezidenti olaraq De Byazinin gördüyü iş, sərgilətdiyi oyun sizi qane edir?
  • İndi birdən-birə böyük nəticələr gözləmək olmaz. Qısa müddətdə xeyli iş görülərək, yeni komanda formalaşdırılır. Bu zaman da nəticə əldə etmək çətindir. Hələ tam sistem qurulmayıb, heyət yığılmayıb. Millətlər Liqasının oyunları göstərdi ki, bizim də uşaqlarımız futbol oynaya bilir. Ən vacibi odur ki, sırf Premyer Liqa klublarında çıxış edən futbolçulara inam psixologiyasını geri qaytardıq. Bizim futbolçularımız qarşılarına çıxan heç bir rəqibdən çəkinmir. Düzdür, ola bilər ki, hamıdan az qol vurmuşuq və bu, problemdir. Qarşıda vaxt, zaman var. Düşünürəm ki, zamanla istədiyimiz yığmanı formalaşdıra biləcəyik.
  • Bu UEFA Millətlər Liqası oyunlarında xüsusi fərqləndirdiyiniz kimsə var?
  • O vaxt “Anji”də çalışanda bir ulduz futbolçu var idi. Ona deyirdilər ki, “sən ulduzsan, komandaya daha çox kömək etməlisən”. O da cavabında “futbolda bir ulduz var, o da komandadır” deyirdi. Yəni indi kimisə fərqləndirmək istəmirəm. Gələcəkdə güclü yığmamızın formalaşmasını istəyərdim. O komanda ki, bütün futbol ictimaiyyətimizi sevindirsin, meydana ancaq qələbə psixologiyası ilə çıxsınlar. Səbirli olub, bunu gözləməliyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button