A Seriyası klubunda yeni yarımmüdafiəçi

İtaliyanın “Empoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Parma”nın yarımmüdafiəçisi Alberto Qrassini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 27 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə futbolçunun satın alınmasına dair də müvafiq bənd var. Futbolçu yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Alberto Qrassi “Atalanta”nın yetirməsidir. O, 2016-cı ildə bu klubdan “Napoli”yə transfer olunsa da, Neapol təmsilçisində əsas komandaya düşə bilməyib. Bu üzdən də o, yenidən “Atalanta”ya, həmçinin SPAL-a icarəyə göndərilib. 2018-2020-ci illər aralığında “Parma”da icarədə oynayan yarımmüdafiəçinin transfer hüquqları da alınıb. İtaliyanın U-21 yığmasının sabiq üzvü ötən mövsümü də icarə əsasında “Kalyari”də keçirib.

“Empoli” sol cinah müdafiəçisi Fabiano Parisi ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı futbolçu yeni sözləşmə ilə 2025-ci ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. “Benevento”nun yetirməsi olan futbolçu 2020-ci ildən “Empoli”də çıxış edir. İtaliyanın gənclərdən ibarət yığmasının üzvü A Seriyası təmsilçisində 2 mövsüm ərzində 45 oyun keçirib, 1 qol vurub. O, daha öncə “Avellino”da da çıxış edib.

“Empoli” yarımmüdafiəçisi Leo Ştulaçı “Palermo”ya, hücumçusu Davide Merolanı isə “Kozensa”ya icarəyə verdiyini də açıqlayıb. İtaliyadan olan 22 yaşlı Merola Milan “İnter”inin yetirməsidir. O, 2019-cu ildən formasını geyindiyi “Empoli”də cəmi 6 oyun keçirib, 2 qol vurub. O, əvvəlki mövsümlərdə “Arezzo”, “Qrosseto” və “Foccia”da da icarədə olub.

Iep Ştulaç da 2019-cu ildən “Empoli”də çıxış edirdi. Sloveniya yığmasının da üzvü olan 27 yaşlı futbolçu bu komandada 83 oyuna 7 qol vurub. O, daha öncə “Parma”, “Venesiya”, “Jadran Dekani” və “Koper”də də forma geyinib. Ştulaç ölkəsinin yığmasında 8 oyun keçirib.

İtaliyalı qapıçı Yakopo Furlan isə “Empoli”dən birdəfəlik ayrılaraq “Palermo”ya keçib. O, 2020-ci ildən “Empoli”nin uğurları üçün çalışırdı. İtaliyadan olan 29 yaşlı qolkiper daha öncə “Viarecco”, “Lumessane”, “Monopoli”, “Trapani”, “Katanzaro” və “Kataniya”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button