
“İnanıram ki, sabah intizamlı bir komanda görəcəyik” – Qurban Qurbanov
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının 7-ci turunda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan bir gün qabaq “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov bildirib:
“İlk olaraq hamımız üçün ağır bir gün olan 20 yanvarı bildirmək istəyirəm. Başımız sağ olsun. Oyuna gəlincə, hazırlaşmağa çox vaxtımız olmadı. Antalyada biraz istirahət etməyə vaxtımız oldu. Hər bir halda bir yoxlama oyunu oynasaydıq daha yaxşı olardı. Futbolçularım da çox istəkli idilər. İnanıram ki, sabah intizamlı bir komanda görəcəyik.
Hava şəraiti normaldı. Belə hallar olub. Hər bir hava şəraitində oyinlar olub. Futbol ona görə sevilir. Nadir hallarda oyunlar təxirə salınır. Fasilənin bizim üçün faydalı olduğunu düşünürəm. Çünki, oyunçularda müəyyən yorğunlar var idi. Sabahkı oyun və qarşıdakı çempionat, kubok matçlarını nəzərə alsaq bu fasilənin ancaq bizim üçün faydalı olduğunu düşünürəm.
Bu turnirin çəkisi çox ağırdır. Burda rəqib komandanın hansısa problemi var deyə, mən belə bir fikiri qəbul etmirəm. Onlarda hansısa dəyişikliyin olması, bir-iki oyunçunun iştirak etməməsi onları daha da motivasiya edir. Seçimləri çoxdur. Bu gün də fikirləşmirəm ki, rəqib tərəfdə hansı problemlər var. Çünki bu kimi rəqiblər belə hallara hər zaman hazırlıqlı olur. Amma buna baxmayaraq, Antalyadakı əzmliyi, əminliyi sabah nümayiş etdirə bilsək, yaxşı nəticə qazanacağıq. Biz çox şey bildirə bilərik. Amma meydanda mübarizə aparan mənim futbolçularımdı. Mən də onları bu oyuna fokuslamışam.
Coni Montiel uzun müddətdir ki, futbolsuz qalmışdı. Amma bu gün durumu yaxşıdı. Ümumiyyətlə futbolçuya nə vaxt soruşsan, deyəcək ki, tam hazıram. Gələndən çox əziyyət çəkdi, işinə peşəkar yanaşdı. Baxmayaraq ki, mən hələ də onun tam hazır olduğunu düşünmürəm. Üzərində çox çalışır və belə davam etsə inanıram ki, daha yaxşı olacaq. Ümumən hazırlığndan razıyam”.
“Qarabağ” cari Çempionlar Liqasında keçirdiyi 6 oyundan sonra topladığı 7 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Ağdamlılar bu mərhələnin sonuncu turnda bir həftə sonra səfərdə “Liverpul”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



