“Bundan sonra nə olacağını bilmirik” – Qvardiola
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Premyer Liqadakı çempionluq yarışında əsas rəqibləri olan “Liverpul”la bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, turnir cədvəli ilə bağlı danışan ispan mütəxəssis, “qırmızılar”a çatmağın real olmadığını bildirib:
“Ümid edirəm ki, növbəti oyunda “Lester” “Liverpul”a qarşı yaxşı oyun göstərəcək, amma əvvəlcə biz “Vulverhempton”la keçirəcəyimiz çətin qarşılaşma haqqında düşünməliyik. İstənilən halda, 70 oyunda 60 qələbə qazanan komandaya çatmağımız real görünmür. “Liverpul” ardıcıl bir neçə oyunda məğlub olsa, biz isə qalib gəlsək, nə olacağını bilmirəm, amma onların 10-12 oyunda 4-5 dəfə məğlub olacaqlarını düşünəcək qədər nikbin deyiləm. Çünki “Liverpul” hazırda inanılmaz dərəcədə güclüdür. Biz sadəcə növbəti mövsümdə Çempionlar Liqasına vəsiqəni təmin etmək üçün oyunlarda qalib gəlməyə çalışmalıyıq. Bundan sonra nə olacağını isə bilmirik”.
“Liverpul”dan bir oyun çox keçirən “Mançester Siti” 38 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Liverpul”dan 11 xal geri qalır.
Bizi Facebook-da izləyin