“Neftçi” üçün çətin missiya: “Dinamo” səddini necə keçmək olar?

Avrokuboklar həmişə sürprizlərlə zəngin olur. Bəzən komandanın aylarla qurduğu plan bir neçə dəqiqə ərzində alt-üst olur, favorit hesab edilən tərəf meydanı məyus tərk edir. “Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasına qarşı keçirdiyi ilk oyun da məhz belə qarşılaşmalardan biri oldu.

Matça baxan hər kəs ilk yarım saatdan sonra “Neftçi”nin növbəti mərhələyə doğru böyük addım atdığını düşünürdü. “Ağ-qaralar” oyuna son dərəcə inamlı başladı. Komanda ilk dəqiqələrdən topa nəzarəti ələ keçirdi, rəqibə təzyiq göstərdi və bunun nəticəsində qısa müddətdə iki dəfə fərqlənərək, hesabda ciddi üstünlük qazandı. Meydandakı dinamika göstərirdi ki, “Dinamo” hələ oyuna uyğunlaşa bilməyib. Bakı təmsilçisi isə həm hücumda, həm də müdafiədə inamlı təsir bağışlayırdı. Ardıcıl təhlükəli hücumlar fonunda tribunadakı azarkeşlər hesabın daha da artacağını gözləyirdi. Həmin anlarda oyunun gedişatı tamamilə “Neftçi”nin nəzarətində idi. Komanda meydanda özünəinamlı görünür, futbolçular arasında qarşılıqlı anlaşma yüksək səviyyədə hiss olunurdu. Elə buna görə də, çoxu hesab edirdi ki, Yuri Vernidubun komandası bu mərhələni ciddi çətinlik çəkmədən adlayacaq.

Bu inam təsadüfi yaranmamışdı. Ötən mövsümün gedişində komandanın “sükanı arxasına” keçən ukraynalı mütəxəssis qısa müddətdə “Neftçi”də ciddi dəyişikliklər etməyi bacarmışdı. O, çətin vəziyyətdə təhvil aldığı komandanı turnir cədvəlinin aşağı pillələrindən çıxararaq, avrokuboklara vəsiqə qazanan kollektivə çevirmişdi. Məhz buna görə, “Dinamo” ilə matçdan əvvəl də əksəriyyət “Neftçi”nin üstün tərəf olacağına inanırdı.

Ancaq futbol bəzən cəmi bir epizodla tamamilə dəyişir.

Oyunun 36-cı dəqiqəsində Belarus təmsilçisinin heyətində çıxış edən erməni futbolçunun vurduğu qol matçın dönüş nöqtəsinə çevrildi. Hesabdakı fərq azalan kimi “Neftçi”nin oyunu sanki dağıldı, yüksək səviyyədə işləyən xətlərarası əlaqə itib-batdı, futbolçular arasındakı anlaşma pozuldu, müdafiədə ardıcıl səhvlər meydana çıxdı. Komanda psixoloji cəhətdən də sarsılmış təsir bağışlayırdı. Komandanın qapıçısı Emil Balayevin ilk qolda buraxdığı kobud səhv “ağ-qaralar”ın başına oyun açdı desək, yanılmarıq. Nəticədə, oyunun əvvəlində iki top fərqi ilə öndə olan “Neftçi” sonda meydanı 2:4 hesablı məğlubiyyətlə tərk etdi.

İndi isə bütün diqqətlər cavab qarşılaşmasına yönəlib. İyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək “Dinamo” – “Neftçi” oyunu Bakı klubu üçün həlledici sınaq olacaq. Qarşıda çətin missiya dayanır. İki top fərqini aradan qaldırmaq asan görünməsə də, bunu mümkünsüz hesab etmək də düzgün olmaz.

“Neftçi”nin ümidlərini artıran amillərdən biri rəqibin ev üstünlüyündən istifadə edə bilməməsidir. UEFA-nın Belarus klublarına tətbiq etdiyi sanksiyalar səbəbindən “Dinamo” beynəlxalq oyunlarını öz ölkəsində keçirə bilmir. Rusiya-Ukrayna müharibəsi fonunda Belarusun birincilərə verdiyi dəstəyə görə tətbiq olunan məhdudiyyətlər nəticəsində bu ölkənin klubları avrokuboklarda ev oyunlarını neytral meydanlarda və azarkeşsiz oynamağa məcburdurlar. Bu isə “Dinamo”nun ən böyük üstünlüklərindən birini əlindən alır.

Azarkeş dəstəyi olmayan stadionda atmosfer tamamilə fərqli olur. Belə oyunlarda meydan sahibi komandalar psixoloji üstünlükdən məhrum qalır. Bu məqam “Neftçi” üçün əlavə motivasiya və müəyyən üstünlük yarada bilər. Ancaq bütün bunlar yalnız o halda nəticə verəcək ki, Bakı təmsilçisi ilk oyunda buraxdığı taktiki və fərdi səhvlərdən nəticə çıxarsın.

Vernidubun üzərinə böyük məsuliyyət düşür. Mütəxəssis komandanı təkcə taktiki baxımdan deyil, psixoloji cəhətdən də hazırlamalıdır. Çünki belə oyunlarda futbolçuların özünəinamı və soyuqqanlılığı bəzən taktiki sxemlərdən daha vacib rol oynayır. “Neftçi” ilk oyunun əvvəlki 35 dəqiqəsində hansı futbolu oynadığını “xatırlaya bilsə”, Belarus təmsilçisi qarşısında şans kifayət qədər yüksək olacaq.

Bəli, 2:4 hesabı əlverişli nəticə deyil. Ancaq bu, mübarizənin başa çatdığı anlamına da gəlmir. Avrokubokların tarixində iki, hətta üç top fərqini aradan qaldıraraq növbəti mərhələyə yüksələn komandaların sayı kifayət qədərdir. “Neftçi” də həmin siyahıya adını yazdırmaq istəyirsə, cavab matçında ilk oyunun son bir saatını deyil, başlanğıcdakı inamlı, cəsarətli və intizamlı futbolunu nümayiş etdirməlidir.

Bir sözlə, Bakıda yaşanan məyusluq hələ son söz deyil. “Neftçi” səhvlərindən nəticə çıxarsa, oyuna düzgün yanaşsa və ilk matçdakı enişi təkrarlamasa, “Dinamo” səddini aşa bilər.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button