“Lion”u “dəfn edən”, “Real”a 2 qol vuran, “Neftçi”nin üzünü güldürən komanda Yazı+Fotolar

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. “Köhlən atlar” 2-ci mərhələdə İrlandiya “Dandalk”ını rahatlıqla keçdi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə etdiyi rəqibini, cavab matçında darmadağınla yola saldı – 3:0.

Üçüncü mərhələdə isə “köhlən atlar”ı daha çətin rəqib gözləyir. Azərbaycan çempionunun budəfəki rəqibi olan APOEL-i daha yaxından tanıyaq.

Nikosiya şəhərini təmsil edən APOEL klubunun əsası 1926-cı ildə qoyulub. İlk olaraq, POEL adlanan komanda, 1927-ci ildən APOEL olub. Siyasi səbəblərə görə 1948-ci ildə klub iki hissəyə parçalanıb, solçu idmançılar Nikosiya şəhərini təmsil edən digər komandanı – “Omonia”nı yaradıblar. O dövrdən bu günə, iki klubun arasında xüsusi intriqa var, azarkeşləri isə bir-birlərinə düşmən kimidirlər.

APOEL azarkeşlərinin “Omonia” ilə oyunda hazırladığı xareoqrafiya

APOEL-in ilk Avropa təcrübəsi 1963-cü ilə təsadüf edir. Avropa çempion klublar kubokunda Norveçin “Qjovik” klubunu ilk oyunda 6:0, cavab matçında isə 1:0 hesabıyla məğlub edən kiprlilər, ölkənin futbol tarixində bir ilki bacarmışdı.

APOEL ötən mövsüm Kipr çempionatında ən yaxın rəqibi Larnaka təmsilçisi AEK-i 8 xal qabaqlayaraq, 70 xalla çempion olub. 32 turdan sonra APOEL 66 qol vurub, 25 qol buraxıb. Komandanın bombardiri isə 10 qolla, dayaq yarımmüdafiəçisi Nunu Morais olub.

APOEL-in son mövsümdəki heyəti

APOEL-in klub dəyəri 23,48 milyon avrodur. Komandanın heyəti 33 futbolçudan ibarətdir, yaş ortalaması isə 26,7-dir. Kipr təmsilçisini 49 yaşlı italyan Paulo Trametsani çalışdırır. Komandanın ən bahalı futbolçusu hücumçu Musa Əl Tamaridir. İordaniyalı oyunçunun “transfermarkt”-da dəyəri 2 milyon avrodur.

APOEL-in heyətində iki futbolçu daha əvvəl “Qarabağ”a qarşı forma geyinib. Bunlar Andrea Pavloviç və Uros Matiçdir. “Qarabağ”ın 2017/18 mövsümündə “Kopenhagen”i məğlub edərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı matçda, hər iki futbolçu Danimarka təmsilçisinin formasını geyinirdi.

APOEL avrokuboklarda 2011/12 mövsümündə tarixi uğura imza atıb. Belə ki, Çempionlar Liqasının qrup mərhələsində “Zenit”, “Şaxtyor” və “Portu” ilə mübarizə aparan komanda, qrupu lider olaraq tamamlayıb və 1/8 finalda Fransanın “Lion” klubuna rəqib olub. İlk oyunda 0:1 hesabı ilə uduzan kiprlilər, cavab matçında isə 90 dəqiqəsi 1:0 hesabı ilə bitən oyunda penaltilər seriyasında “Lion”u mübarizədən kənarlaşdırıb. 1/4 finalda isə APOEL “Real”a rəqib olub və iki oyunun nəticəsinə görə 2:8 (ilk oyun 0:3, cavab matçı 2:5) hesabıyla uduzaraq, turnirlə vidalaşıb.

APOEL – “Lion”

APOEL 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Neftçi” ilə qarşılaşıb. İki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf “Neftçi” olub (ilk oyun 1:1, cavab matçı 3:1).

APOEL Çempionlar Liqasında bu mövsüm mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayıb. Monteneqronun “Sutyeska” klubu ilə qarşılaşan Kipr təmsilçisi, hər iki oyunda rəqibini məğlub edərək (ilk oyun 1:0, cavab matçı 3:0), 3-cü mərhələyə vəsiqə qazanıb.

Yeni mövsümdə daha iddialı olmaq istəyən APOEL heyətini bir neçə futbolçu ilə gücləndirib. Nikosiya klubu “Sampdoriya”dan qapıçı Vid Beleç, “Rapid”dən Andrea Pavloviç (hazırda bu mövsüm üçün 3 qolla komandanın ən sərrast futbolçusudur), “Srvena Zvezda”dan Vuyadin Saviç, “Tondela”dan Joazinyo, “Əl-Faysali”dən Omar Hani kimi oyunçuları heyətinə qatıb.

“Qarabağ” APOEL-lə ilk oyununu səfərdə keçirəcək. Qarşılaşma avqustun 6-da, saat 21:00-da start götürəcək. Cavab matçı isə avqustun 13-də, Bakıda olacaq.

APOEL-in heyətində milli komandada oynayan və oynamış futbolçular:

Rafael Romo (qapıçı) – Venesuela millisi: 13 oyun
Vid Beleç (qapıçı) – Sloveniya millisi: 13 oyun
Kevin Lofrens (müdafiəçi) – Haiti millisi: 33 oyun (5 qol)
Nikolas İoannu (müdafiəçi) – Kipr millisi: 10 oyun
Giorgos Merkis (müdafiəçi) – Kipr millisi: 49 oyun (1 qol)
Musa Əl Tamari (yarımmüdafiəçi) – İordaniya millisi: 21 oyun (4 qol)
Giorgios Efrem (yarımmüdafiəçi) – Kipr millisi: 43 oyun (4 qol)
Andreas Makris (yarımmüdafiəçi) – Kipr millisi: 21 oyun
Reza Qucannedjad (hücumçu) – İran millisi: 43 oyun (17 qol)
Andrea Pavloviç (hücumçu) – Serbiya millisi: 5 oyun
Roman Bezjak (hücumçu) – Sloveniya millisi: 26 oyun (4 qol)

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button