Sevinmək üçün tezdir – “Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər!
UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silmişdi. Turin klubu maliyyə fırıldağı iddiasına görə 15 xaldan məhrum edilmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi. Komandanın xalları aprel ayında kluba qaytarılıb. İndi yeni məhkəmə prosesi var. İtaliya Futbol Federasiyasının Federal Apellyasiya Məhkəməsi işə yenidən baxmalıdır.
Komanda.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, yaxın aylarda bu məsələ ilə bağlı yekun qərar verilməsə, UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər. Diskvalifikasiya müddəti ən azı bir il ola bilər. “Yuve”nin mübarizə apardığı Avropa Liqasında mümkün qələbə cəzanın aradan qaldırılmasına kömək etməyəcək.
Cəza ilə bağlı qərar qəbul edilsə, lakin turinlilər Avropa yarışları zonasından kənarda yer alarsa, o zaman cəza “Yuventus”un avrokuboklara vəsiqə qazandığı mövsümə qədər təxirə salınacaq.
UEFA iyunun 10-da keçiriləcək Çempionlar Liqasının finalından sonra növbəti Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası yarışlarının siyahılarını tərtib edəcək. “Yuventus”a müraciət etmək üçün əlavə vaxt verilə bilər – iyulun sonu və ya avqustun əvvəlinə qədər.
UEFA “Yuventus”un maliyyə fırıldaqları ilə bağlı araşdırma aparır. Qurum Turin prokurorluğundan bütün sənədləri alıb və məhkəmə sənədlərini öyrənir. UEFA ümid edir ki, İtaliya Futbol Federasiyasının Federal Apellyasiya Məhkəməsinin bu iş üzrə hökmü iyunun sonuna qədər açıqlanacaq.
Yeni avrokubok mövsümü başlamazdan əvvəl qərar qəbul olunmasa, o zaman “Yuventus”un beynəlxalq turnirlərdə çıxışı ilə bağlı məsələyə UEFA-nın Ədalətli Oyunlar Komissiyası baxacaq.
Bəli, “Yuventus” A Seriyasında itirilən 15 xalı geri qazanıb. Amma sevinmək üçün hələ tezdir.
Bizi Facebook-da izləyin