“Beşiktaş”ın futbolçusu üçün mövsüm erkən bitdi
“Beşiktaş”ın yarımmüdafiəçisi Dele Alli üçün mövsüm erkən bitib.
Komanda.az xəbər verir ki, bir müddət öncə zədələnən ingilis futbolçu müalicə üçün İstanbul təmsilçisindən ayrılaraq ölkəsinə qayıtmışdı.
“Daily Mail” nəşrinin yaydığı son məlumata görə, Allinin yaşıl meydanlara qayıtması üçün azı 10 həftə lazım gələcək. Bu isə onun bu mövsüm bir daha meydana çıxmayacağı anlamına gəlir.
Müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan Alli bu mövsümün əvvəlindən oynadığı “Beşiktaş”da 15 oyuna çıxıb, 3 qol vurub. O, bu mövsüm başa çatan kimi “Everton”a qayıdacaq.
Yeri gəlmişkən, “Beşiktaş” hücumçusu Cenk Tosun da ötən gecə Super Liqanın 28-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la oyunda (3:1) zədələnib. İlk hissədə sıradan çıxan futbolçu 35-ci dəqiqədə Jedson Fernandeslə əvəzlənib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu daha sonra bilinəcək.
Bu mövsüm “Beşiktaş”ın heyətində 28 matça çıxmış Cenk, bu oyunlarda 15 qol vurub.
Bizi Facebook-da izləyin