“Neftçi” gürcü ilə vidalaşır? – “Komandada qalıb-qalmayacağı…”
“Neftçi”nin futbolçusu Vato Arveladzenin klubla müqaviləsi cari mövsümün yekununda sona çatacaq. “Ağ-qaralar”ın sözləşməsi bitəcək yarımmüdafiəçi ilə yeni müqavilə imzalamayacağı gözlənilir. Buna səbəb gürcü futbolçunun daha çox ehtiyatda qalması, ondan gözləniləni verə bilməməsidir.
Bununla bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Komanda.az-a açıqlama verib. Klub rəsmisi Arveladzenin klubla bir illik müqavilə imzaladığını xatırladıb:
“Vatonun “Neftçi” ilə müqaviləsi bir illik idi. Növbəti mövsümdə onun komandada qalıb-qalmayacağı mayın sonlarına doğru məşqçilər korpusu tərəfindən müəyyənləşəcək. Onlar fikirlərini bildirdikdən sonra kim heyətdə qalacaqsa, bizimlə mübarizəni davam etdirəcək, sözləşməsi sona çatan futbolçularla yollarımızı ayıracağıq”.
Vato Arveladze karyerası ərzində “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Fatih Karagümrük” (Türkiyə) kimi klublarda forma geyinib.
“Neftçi” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 57 xalla üçüncüdür.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin