“Beşiktaş”da bir ayrılıq, bir yeni futbolçu
Dəhşətli zəlzələyə görə Super Liqanın qalan hissəsində çıxış etməyəcəyi dəqiqləşən “Qaziantep”də daha bir futbolçu icarəyə göndərilib.
Komanda.az xəbər verir ki, Rumıniya yığmasının da üzvü olan yarımmüdafiəçi Aleksandru Maksim “Beşiktaş”a keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı vinger 2020-ci ildən “Qaziantep”də çıxış edirdi. O, Super Liqa təmsilçisində 115 oyuna 43 qol vurub. Təcrübəli oyunçu “Espanyol”, “Badalona”, “Panduri”, “Ştutqart və “Maynts”da da oynayıb, Rumıniya millisində 55 oyuna 6 qol vurub.
“Beşiktaş” braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə də yollarını ayırıb. Braziliyadan olan 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, bundan sonrakı karyerasını Çinin “Beijing Guoan” klubunda davam etdirəcək.
Souza 2020-ci ildən oynadığı “Beşiktaş”da 88 oyuna 9 qol vurub. Yarımmüdafiəçi 2015-2018-ci illər aralığında “Fənərbaxça”nın da uğurları üçün çalışıb. Onun oynadığı komandalar arasında “Vasko da Qama”, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli” də var.
Bizi Facebook-da izləyin