ÇL-də qrup mərhələsinə yekun vuruldu
Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – 6-cı tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçirilən 8 oyundan sonra 1/8 finalın daha iki iştirakçısı məlum olub.
A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda – “Liverpul”la “Napoli” İngiltərədə üz-üzə gəlib. Bu qarşılaşma yalnız qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. İnamlı qələbəyə sevinən “qırmızılar” qrup lideri olublar. Qrupun digər görüşündə isə “Ayaks” Şotlandiyada “Reyncers”in qonağı olub. Amsterdam təmsilçisi səfər qələbəsi sayəsində Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.
B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən “Brügge” Almaniyada “Bayer”lə, “Portu” isə evdə Madrid “Atletiko”su ilə qarşılaşıb. “Brügge” və “Portu” qrup liderliyi, “Bayer” və “Atletiko” isə 3-cü yer uğrunda mübarizə aparıblar. Portuqaliyada meydan sahibləri inamlı qələbə qazanıblarsa, Almaniyadakı oyunda qapılara qol vurulmayıb. Bu nəticələrdən sonra “Portu” qrup qalibi olubsa, “Brügge” ikinci yerlə kifayətlənib. “Bayer” Avropa Liqasına vəsiqə qazandığı halda, Madrid “Atletiko”su sonuncu olub.
C qrupunda bütün suallara aydınlıq gəldiyindən, “Bayern” – “İnter” və “Viktoriya” – “Barselona” matçları formal xarakter daşıyırdı. Almaniyada meydan sahibləri, Çexiyada isə qonaqlar qələbə qazanıblar.
D qrupunda isə 4 komandanın hər birinin pley-off şansı davam edirdi. Portuqaliyada “Sportinq” və “Ayntraxt”, Fransada isə Marsel “Olimpik”i və “Tottenhem” arasında keçirilən oyunlarda səfər qələbəsinə sevinən qonaq komandalar 1/8 finala yüksəliblər. Fransa təmsilçisi qrupda qalıbsa, “Sportinq” yoluna Avropa Liqasında davam edəcək.
“Napoli”, “Liverpul”, “Brügge”, “Portu”, “Bayern”, “İnter”lə yanaşı, “Borussiya” (Dortmund), “Real”, PSJ, “Benfika”, “Mançester Siti” və “Çelsi” də pley-offa vəsiqəni təmin edib.
Sonuncu oyun günündə 4 qrup üzrə daha 8 qarşılaşma baş tutub. E qrupunda “Milan” doğma meydanda “Zalsburq”u sınağa çəkib. “Qırmızı-qaralar”a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edirdi. Amma meydan sahibləri istəklərinə darmadağınla çatıblar.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda “Zalsburq”un “Milan”a uduzmasını gözləməli idi. Qarşılaşmada hesabı Zaqreb təmsilçisi açsa da, London klubu əzmkar qələbə qazanmaqla Mahirin komandasını qrup sonuncusu sedib. Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.
F qrupunda əsas diqqət Donetsk “Şaxtyor”u ilə “Leypsiq” arasındakı görüşə yönəlmişdi. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edirdi. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini mütləq məğlub etməliydi. Əks halda “Şaxtyor” yoluna Avropa Liqasında davam edəcəkdi. Belə də olub. “Leypsiq” Ukrayna təmsilçisini, qrupun digər matçında isə Madrid “Real”ı doğma meydanda “Seltik”i darmadağınla məğlub edib.
G qrupunda Dortmund “Borussiya”sı “Kopenhagen”lə, “Mançester Siti” isə “Sevilya” ilə qarşılaşıb. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin etmişdi. Bu üzdən də son turun matçları yalnız qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. Danimarkada heç-heçə qeydə alınıb. Mançesterdə isə meydan sahibləri inamlı qələbə sayəsində qrup birinciliyi təmin ediblər.
Nəhayət, D qrupunda növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJ “Yuventus”la, “Benfika” isə Hayfa “Makkabi”si ilə üz-üzə gəlib. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirib. PSJ Turində qələbə qazansa da, qrup ikincisi olub. “Benfika” isə İsraildə darmadağına sevinməklə liderliyi ələ keçirib. “Yuventus” Avroliqaya vəsiqə qazandığı halda, “Makkabi” sonuncu yeri tutub.
Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur
1 noyabr
A qrupu
Liverpul (İngiltərə) – Napoli (İtaliya) 2:0
Qol: Salah, 86. D.Nunes, 90+9.
Reyncers (Şotlandiya) – Ayaks (Niderland) 1:3
Qol: Tavernye, 86-pen – Berqeys, 4. Kudus, 29. Konseysao, 89.
Xal: Napoli – 15. Liverpul – 15. Ayaks – 6. Reyncers – 0.
B qrupu
Portu (Portuqaliya) – Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Taremi, 5. Eustakio, 24.
Bayer (Almaniya) – Brügge (Belçika) 0:0
Xal: Portu – 12. Brügge – 11. Bayer – 5. Atletiko – 5.
C qrupu
Bayern (Almaniya) – İnter (İtaliya) 2:0
Qol: Pavar, 32. Şupo-Motinq, 72.
Viktoriya (Plzen, Çexiya) – Barselona (İspaniya) 2:4
Qol: Çori, 51-pen; 63 – M.Alonso, 6. F.Torres, 44; 54. Torre, 75.
Xal: Bayern – 18. İnter – 10. Barselona – 7. Viktoriya – 0.
D qrupu
Sportinq (Portuqaliya) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Qol: A.Qomes, 39 – Kamada, 62-pen. Muani, 72.
Olimpik (Marsel, Fransa) – Tottenhem (İngiltərə) 1:2
Qol: Mbemba, 45+2 – Lanqle, 54. Hoybyerq, 90+5.
Xal: Tottenhem – 11. Ayntraxt – 10. Sportinq – 7. Olimpik – 6.
2 noyabr
E qrupu
Çelsi (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Sterlinq, 18. Zakaria, 30 – Petkoviç, 7.
Milan (İtaliya) – Zalsburq (Avstriya) 4:0
Qol: Jiru, 14; 57. Kruniç, 46. Messias, 90+1.
Xal: Çelsi – 13. Milan – 10. Zalsburq – 6. Dinamo – 4.
F qrupu
Real (İspaniya) – Seltik (Şotlandiya) 5:1
Qol: Modriç, 6-pen. Rodriqo, 21-pen. Asensio, 51. Vinisius, 61. Valverde, 71 – Jota, 84.
Şaxtyor (Donetsk, Ukrayna) – Leypsiq (Almaniya) 0:4
Qol: Nkunku, 10. A.Silva, 50. Soboslai, 62. Bondar, 68-öz qapısına.
Xal: Real – 13. Leypsiq – 12. Şaxtyor – 6. Seltik – 2.
G qrupu
Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya) 1:1
Qol: Haraldsen, 41 – Hazard, 23.
Mançester Siti (İngilttərə) – Sevilya (İspaniya) 3:1
Qol: Luis, 52. Alvares, 73. Mahrez, 83 – Mir, 31.
Xal: Mançester Siti – 13. Borussiya – 9. Sevilya – 5. Kopenhagen – 3.
H qrupu
Yuventus (İtaliya) – PSJ (Fransa) 1:2
Qol: Bonuççi, 45+2 – Mbappe, 13. Mendes, 69.
Makkabi (Hayfa, İsrail) – Benfika (Portuqaliya) 1:6
Qol: Çeri, 26 – Ramos, 20. Musa, 59. Qrimaldo, 73. R.Silva, 73. Arauxo, 88. J.Mario, 90+2.
Xal: Benfika – 14. PSJ – 14. Yuventus – 3. Makkabi – 3.
Bizi Facebook-da izləyin