Film kimi komanda
Kürşad
Kimsə əks-hücum taktikası seçə bilər, kimsə uğur qazanmağın yolunu 11 futbolçunun hamısını müdafiəyə düzməkdə görə bilər. Futbola könül verən insanlar da bütün bunları sevə bilər, normaldır. Zövqlər müxtəlifdir.
Mənə – zövqümə görə son illərdə futbolu ən yaxşı oynayan komanda “Mançester Siti”dir. Sanki adrenalin, həyəcan dolu film izləyirsən “Mançester Siti”nin oyununa baxarkən. Qvardiolanın komandasının oyun fəlsəfəsi “ən yaxşı müdafiə hücumdur” üzərində qurulub. “Real”da Kərim Benzema, “Liverpul”da Məhəmməd Salah, “Bayern”də Robert Levandovski olduğu kimi, “Mançester Siti”də fərdlər ön plana çıxmır. Bu komandada hər futbolçu Benzema, Levandovski, Salahdır. Qvardiolanın komandasında hər kəs qol vura, oyunun taleyini dəyişə bilər. Yəqin bu üzdəndir ki, insanlar hər dəfə “ilin futbolçusu kim olmalıdır” sualına cavab axtararkən “şəhərlilər”in heç bir oyunçusu yada düşmür. Halbuki bu komandada Kevin De Bruyne, Bernardo Silva, Rahim Sterlinq kimi superulduzlar var və onların heç biri Benzemadan, Levandovskidən, Salahdan geri qalmır. Sadəcə…
Onlar hamısı inanılmaz sürətlə işləyən mexanizmin bir parçasıdır. Onlar kölgədə qala bilər, əsas odur ki, komanda özü, oyunu ön planda olsun. “Mançester Siti”nin oyun fəlsəfəsi budur. Təsəvvür edin, “şəhərlilər” bu mövsüm Çempionlar Liqasını qazanır və hansısa futbolçusu “ilin ən yaxşısı” olmağa namizəd sayılmır. Vahid mexanizm kimi hərəkət edən bu komandadan kimi seçəsən, kimi ayırasan?
“Mançester Siti” “Real” səddini keçə biləcəkmi? Finalda qələbə qazanıb, nəhayət, Çempionlar Liqasının qalibi olmağı bacaracaqmı? Bu suallara indidən cavab vermək çətindir. Ancaq bilinən bir şey var ki, Qvardiolanın komandası sürətli, baxımlı, gözoxşayan futbolu sevənlərin qəlbində çoxdan çempiondur. Həm də bütün turnirlərin çempionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin