Qızı Məkkə, özü “Firon” Yazı+Fotolar

Onu “Misirin Messisi” də adlandırırlar. Vurduğu qollarla komandasının illərdir çempionluq gözləyən azarkeşlərini sevindirir. Bəli, o, “Liverpul” azarkeşlərinin sevimlisi Məhəmməd Salahdır…

Məhəmməd Salah 1992-ci il, iyunun 15-də Misirdə anadan olub. İdmançı ailəsində böyüdüyünə görə, uşaqlıqdan futbola böyük sevgisi olan Salah üçün bu oyun sadəcə istirahət deyil, böyük karyeraya çevrilə biləcək fəaliyyət idi. Məhz buna görə də, təhsil aldığı məktəbdə keçirilən turnirlərdən birinə qatılaraq, futbola olan bağlılığını peşəkarlığa çevirmək qərarı alır. 7-8 yaşından futbolu sevməyə başlayan Salah, özünün də dediyi kimi, uşaqlıqdan Zinəddin Zidan, braziliyalı Ronaldo, Françesko Totti kimi oynamağa çalışırdı.

İlk peşəkar müqaviləsini 14 yaşında imzalayan misirli futbolçu üçün çətin günlər başlayır. Futbol məşqləriylə yanaşı, təhsilinə də davam edən Salah, həmin günləri belə xatırlayır:

“Günümün böyük hissəsi məktəb, yol, məşq, geri dönüş içərisində keçirdi. Mənim üçün çox çətin günlər idi, amma çox gənc idim və futbolçu olmaq istəyirdim, xüsusi biri olmaq istəyirdim. 14 yaşımdan bu işə başladım və o vaxtdan bəri ağlımda ancaq futbol var. Futbolçu olmasaydım, başqa hansı işlə məşğul ola bilərdim, bilmirəm. Həyatımdakı hər şeyi mənə futbol verdi”.

2012-ci ildə İsveçrənin “Bazel” klubuna transfer olunan futbolçunun çətinliyi daha da artır. İsveçrə haqqında heç nə bilməyən və ilk günlərdə çox çətinlik yaşayan Salah, iki il bu komandada çıxış edir. Sonra isə onun “Liverpul”a keçmək şansı yaranır:

“Bir neçə ay idi ki, “Liverpul” məni transfer etmək istəyirdi. 2013-cü ildən danışıqlar başlasa da, bu, uzun çəkdi. “Liverpul”un məni tarnsfer etməsini gözləyirdim, çünki bu klubu sevirdim. Amma sonra Joze Mourinyodan zəng gəldi və hər şey bir anda dəyişdi. “Çelsi”yə gedəndə də, “Liverpul”un xəyalını qururdum. “Çelsi” formasıyla “Enfild Roud”da “Liverpul”la oynayanda, özümə “bir gün burda, bu komandanın futbolçusu kimi oynayacam” demişdim. Ordakı atmosferdən çox təsirlənmişdim”.

Beləliklə, Salah “Çelsi”yə transfer olunur. Həmin dövrdə “zadəganlar”ın baş məşqçisi olan Joze Mourinyo, misirli futbolçu haqqında “Gənc, sürətli, çox həvəsli futbolçudur. Onu təhlil edəndə, komanda üçün çalışmağa hazır olan futbolçu gördük” demişdi.

“Bazel”i Salah üçün nəhəng klublara açılan “pəncərə” də adlandırmaq olar

Buna baxmayaraq, Salah “Çelsi”də istədiyi və ondan gözlənilən oyunu göstərə bilmir. Buna görə də, əvvəlcə “Fiorentina”da, daha sonra “Roma”da çıxış edir. “Canavarlar”ın heyətində öz bacarığını yenidən göstərməyə başlayan “Firon”, hər zaman İngiltərəyə qayıtmaq istədiyini bildirirdi. “Liverpul” mənim üçün ən doğru qərar idi” deyən Salah, nəhayət, arzusunu gerçəkləşdirir və 2017-ci ildə “Liverpul”a transfer olunur:

“Plesteyşn” oynayanda belə, komanda olaraq “Liverpul”u seçərdim. Stiven Cerrard, Xabi Alonso kimi kimi futbolçularla oynayırdım. Burda çox xoşbəxtəm. Azarkeşlər mənim adımı mahnılarda çəkəndə, çox xoşbəxt oluuram. Bunun mənası çox böyükdür”.

Salah əyninə hərbçi forması geyinməyə də vaxt tapıb

Salahın xüsusilə, İngiltərədə, “Liverpul”da əldə etdiyi uğur misirlilər üçün böyük qürur qaynağı oldu. Orta sinif təbəqəsinə mənsub Salahın bu yüksəlişi, misirlilərin onu “Misirin dördüncü piramidası” adlandırmalarına səbəb olur. O, təkcə yaşıl meydanlarda göstərdiyi oyunla deyil, həm də öz xalqı üçün etdiyi işlərlə də insanların gözündə yüksəlməyi bacarır. Misirdə, xüsusilə, doğulduğu şəhərdə xəstəxana, məktəb tikdirən, xeyriyyə cəmiyyətlərinə kömək edən Salah, insanların sevgisini ən yaxşı şəkildə qazanmağı bacarır.

Məhəmməd Salahı başqa futbolçulardan fərqləndirən keyfiyyətlərindən biri isə inanılmaz sürətə sahib olmasıdır. “Sky Sports”a görə, “Misirin Messisi” 2013/14 mövsümündə İngiltərə Premyer Liqasının ən sürətli futbolçusu olmuşdu.

Salah 2013-cü ildə ailə həyatı qurub. Onun Magi adlı xanımla toyu Misirin Ngrig adlanan kəndində olub. Toya minlərlə insan qatılıb, Misirin populyar müğənniləri məclisdə mahnılar oxuyub. Salahla Maginin evliliyindən Məkkə adını verdikləri bir qızları olub. Bəli, Məkkə. Müsəlmanların müqəddəs şəhərinin adı.

Salahlı “Liverpul” bu mövsüm çox yaxşı təsir bağışlayır. Yurgen Kloppun rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasında zirvədə yer alır. Bundan başqa, “qırmızılar” Çempionlar Liqasının yarımfinalına da vəsiqə qazanıb. Təbii ki, “Liverpul”un uğurlu oyununda əsas yük onun – Məhəmməd Salahın üzərindədir. Mövsümün Salah və komandası üçün necə bitəcəyini isə yaşayıb, görərik.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button