Azərbaycan kubokunda final matçının 27 maya təyin olunmasının SƏBƏBİ
Futbol üzrə Azərbaycan kubokunun 2021/2022 mövsümünün final matçı mayın 27-də keçiriləcək.
Kubokun ötənilki həlledici görüşü əvvəlcədən mayın 28-nə (Respublika günü) planlaşdırılsa da, Azərbaycan milli komandasının Türkiyə ilə yoxlama oyununa görə daha tez, mayın 24-də keçirilmişdi.
Əvvəlki illərə də nəzər salsaq, görərik ki, kubokun finalı daha çox mayın 28-də, Respublika günündə keçirilib. Finalın bu il bir gün daha tez keçirilməsinin səbəbini öyrənmək üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq. PFL rəsmisi Komanda.az-a açıqlamasında finalın 27 maya təyin olunmasının səbəbini açıqladı:
“Azərbaycan kubokunun finalı bizim üçün mövsümün son oyunu olması baxımından çox vacibdir. Bilirsiz ki, hər dəfə bu oyuna xüsusi hazırlaşır və müəyyən tədbirlər həyata keçirilir. 28 may bizim üçün çox vacib tarixdir. Azərbaycan kubokunda bəzi finallar 28 mayda baş tutub, amma başqa tarixlərdə də finallarımız olub.
Builki finalı 28 may tarixində düşünmüşdük, sadəcə olaraq həmin tarixdə Çempionlar Liqasının final oyunu baş tutacaq. Belə olan məqamda həm azarkeşləri, həm də TV yayımını nəzərə almaq lazımdır. Final oyununun yayımı daha tez başlayır və daha gec bitir. Əlavə vaxtları, penaltilər seriyasını, bir saata yaxın davam edən mükafatlandırmanı da nəzərə alsaq, bu, kifayət qədər vaxt və tamamilə üst-üstə düşmək deməkdir. Bütün bu məqamları və digər xırda görünən, amma təşkilati işlərlə bağlı vacib məqamları nəzərə alaraq final oyununu 27 maya təyin etdik”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin