Finalçılar və ev sahibi bəlli oldu, pley-offun cütləri dəqiqləşdi

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bununla final mərhələsinin bütün iştirakçıları və oyunlara ev sahibliyi edəcək ölkə məlum olub.

Fransa və İspaniyanın ardından Belçika ilə İtaliya da A liqasındakı qruplarında birinci yeri tutaraq, həlledici matçlarda iştirak hüququ qazanıblar. Yarımfinal və final görüşləri məhz sonuncuların meydanında keçiriləcək. İtalyanlar ev sahibliyinə digər namizədlər olan 1-ci qrupdakı rəqibləri Niderland və Polşanı üstələyərək, “Dördlər finalı”nın meydan sahibi olmağa layiq görülüb.

Dekabrın 3-də keçiriləcək püşkatma mərasimində yarımfinal cütləri müəyyənləşəcək. Gələn il oktyabrın 6-7 yarımfinal, 10-da 3-cü yer uğrunda qarşılaşma və final baş tutacaq. Oyunlar Milandakı “San Siro” və Turindəki “Yuventus Arena”da keçiriləcək.

UEFA Millətlər Liqasının pley-off matçlarında mübarizə aparacaq komandalar da bəlli olub. Azərbaycan yığmasının da yer aldığı C liqasında keçirilən son görüşlərin ardından qrup sonuncuları müəyyənləşib. Kipr və Estoniya bir gün öncədən bilinirdisə, Qazaxıstanla Moldovanın da D liqasına düşməmək üçün yarışacağı dəqiqləşib. C liqasında qalmaq uğrunda ən yaxşı qrup sonuncusu olan Qazaxıstan və bu liqanın ən zəifi Moldova ilə üz-üzə gələcək. Pley-offun digər cütlüyündə isə Kiprlə Estoniya münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk oyunlar gələn il martın 24-25-də Moldova və Estoniyanın meydanında keçiriləcək. Həmin ayın 28-29-da Qazaxıstan və Kiprdə baş tutacaq cavab qarşılaşmaları ilə D liqasına yuvarlanacaq iki komanda bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button