
7 il əvvəlki “cinayət”in cəzası: “Turan Tovuz”u nə gözləyir?
“Turan Tovuz”un Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iştirakdan mərhum edilmək təhlükəsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. 32 ildən sonra yenidən avrokuboklara vəsiqə qazanan Tovuz təmsilçisi Konfrans Liqasından kənarlaşdırılsa, bu, klub və azarkeşləri üçün çox ağır qərar olacaq.
2019-cu ilin dekabrında AFFA İcraiyyə Komitəsi o vaxtlar 1-ci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”-nin (həmçinin, Region Liqasında oynayan başqa 3 klubun) bəzi futbolçularının oyunların manipulyasiyasında şübhəli bilinməsi və günahlarının sübuta yetirilməsini əsas götürərək, onların futbolla əlaqəsinə rəsmi qadağa qoyulması qərarını vermişdi. Siyahıda “Turan Tovuz”un da 7 oyunçusunun adı var idi. Məhz həmin məsələyə görə UEFA-nın “Turan Tovuz”u avrokuboklarda iştirakdan məhrum edə biləcəyi qorxusu yaranıb.
UEFA klubları bir neçə hal üzrə avrokuboklardan kənarlaşdıra və ya iştirak hüququndan məhrum edə bilər.
Avropanın ali futbol qurumunun bu məsələ ilə bağlı əsas götürdüyü məqamlar isə bunlardır:
Maliyyə qaydalarının pozulması, oyun alqı-satqısı (matçların nəticələrini manipulyasiya etmək, danışılmış oyunlarda iştirak, qeyri-qanuni mərc fəaliyyətləri), lisenziya tələblərinin yerinə yetirilməməsi, ağır intizam pozuntuları və sair.
Ümumiyyətlə, UEFA oyun alqı-satqısı, nəticəyə təsir edən istənilən davranış məsələsində çox sərt mövqe tutur.
“Turan Tovuz” azarkeşlərini üzmək və onlarda təşviş yaratmaq istəmirik, ancaq UEFA-nın oyun alqı-satqısı, danışılmış oyunlarda iştiraka görə çox ağır cəzalar verməsi nümunələri çoxdur. Şimali Makedoniyanın “Pobeda” klubundan tutmuş, Albaniyanın “Skenderbeu”, Latviyanın “Ventspils”, Türkiyənin “Fənərbaxça” komandalarına kimi çoxlu nümunələr var.
Amma məsələ burasındadır ki, hazırkı “Turan Tovuz” 7 il əvvəl – 2019-cu ildə yaşanmış olayla çox da əlaqəli deyil. UEFA-nın bütün bunları nəzərə alacağına ümid edək. İstənilən halda, komandanın 7 il əvvəl baş vermis hadisəyə görə Konfrans Liqasından kənarlaşdırıla biləcəyinə hətta zərrə boyda da şübhə yaranıbsa, Tovuz klubunun rəhbərliyi indidən addımlar atmalı, UEFA ilə danışıqlar aparmalı, öz sübutlarını, dəlillərini təqdim etməli, idman prinsiplərinə sadiqliyini sübut etməlidir. Konfrans Liqasının 2-ci mərhələsinin oyunlarının 23-30 iyul tarixlərində keçiriləcəyini nəzərə alsaq, vaxt az və çox qiymətlidir.
Kürşad
Bizi Facebook-da izləyin



