
“Elvin nəticə çıxarmasa, gələcəkdə heç kim ona kömək edə bilməyəcək” – MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Millinin yeni heyətini açıqlamısız. Seçim zamanı əsas meyarlarınız nə oldu?
– Bütün futbolçuları izləyirik, baxırıq. Ümumən, bir çox oyunçular biz millidə olandan bəri bizimlədir. Biz də istəyirik millidə oyundan-oyuna futbolçular artıra bilsinlər və bir-birlərini yaxşı baş düşsünlər. Əlbəttə ki, onların klublarındankı performansı, formada olmaları önəmlidir. Bur çox futbolçular tam şans qazanmasa da, bu gün Azərbaycanın ən potensiallı oyunçularıdır. Yəni, hər şeyə fikir veririk. Bəzi mövqelərdə güclü rəqabət var. Onların son oyunlardakı performansına baxdıq. Bəzi futbolçular var ki, onları da çağırmaq istəyirdik. Amma siyahını çox da geniş edə bilmirik. Həqiqətən də, kənarda qalan, milliyə layiq futbolçular var. Yəni, hər şeyi, bütün meyarları gözdən keçiririk.
– “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin intizamsız davranış səbəbilə cəzalandırılmasını necə dəyərləndirirsiz? Nəzərə alsaq ki, millinin əsas oyunçusudur.
– Bilirsiz, buna başqa cür yanaşmaq lazımdır. Sanki Elvin Cəfərquliyevi biz bu dəqiqə silib atmalıyıq. Belə bir aura yaradırlar. Bəli, nizam-intizam bizim üçün də önəmlidir və biz bunu Elvinlə söhbətdə də bildirdik. Bu, xoş deyil. Çünki Elvin Cəfərqluliyev bu dəqiqə Azərbaycanın ən yaxşı futbolçusudur. Bir azərbaycanlı olaraq UEFA Çempionlar Liqasında oyunların birində matçın ən yaxşısı seçilib, qol vurub. FİFA Series-2026-da millinin ən yaxşı oyunçusu seçilib. Elvin bunlardan dərs, nəticə çıxarmalıdır. Özünə yeni klub tapmalıdır. Hansı ki, orada daim oynamalıdır. Bilirik ki, “Qarabağ”la vidalaşmaq istəyir. Bu durumdan çıxmaq üçün millinin bu toplanışı bir motivasiya olar ona. Belə yanaşırıq. Yəni, bu gün Elvin bundan nəticə çıxarmasa, gələcəkdə heç kim ona kömək edə bilməyəcək.
– Artıq rəsmən “Şamaxı” ilə yollarınız ayrıldı. Oradakı fəaliyyətinizi ümumilikdə necə dəyərləndirirsiz?
– Bəli, “Şamaxı” ilə yollarımı ayırdım. İki il orada mənim üçün çox yaxşı keçdi. Bir məşqçi üçün hər gün təcrübədir, hər gün nəsə qazanırıq. Mən də orada qazandım. Birinci Liqadan çıxan komanda ilə ilk ilimiz idi. Bu baxımdan təcrübəmiz var idi. “Turan Tovuz”la Birinci Liqadan çıxanda orda başlamışdıq. Həqiqətən, “Turan Tovuz”un gələcəkdə iddialı olması üçün o komandanı qurmuşduq. Burada maliyyə önəmli idi. Baxın, “Turan Tovuz”da yeni sponsor gələndən sonra komanda iddialı statusuna çox rahat keçdi. Çünki onun təməli sağlam idi və bu gün avrokuboklara (Konfrans Liqasına) gedən komandada həmin heyətdən 13-14 futbolçu varsa, deməli, işlər düz getmişdi. Eynisi “Şamaxı”da idi. Baxın, bu gün yeni bir sponsor gəlsəydi, komandanın heyətinin yarısı avrokuboklara oynayacaq futbolçulardır. Amma güclənmək, şərait baxımından burda da inkişaf olmalıdır. Təəssüf. İstərdim “Şamaxı”da həmin o işi görək və 3-cü, 4-cü ili də orada qalım. Çox yaxşı bir bölgədir, Bakıya yaxındır. Belə deyək, futbolçular üçün yaxşı şərait var, amma daha da yaxşılaşdırmaq lazımdır. Bunun üçün maliyyə lazımdır. “Şamaxı”da iki ildə yaxşı günlər oldu, azarkeşlərə təşəkkür edirəm, həmişə dəstəklədilər. Gənc futbolçular üzə çıxdı. Bu gün çoxuna görə sevinirəm, orada əməyimiz oldu. Ümumən, çox yaxşı notlarla ayrıldıq.
– Klub karyeranızı davam etdirmək fikriniz var, yoxsa təkcə milli ilə işləmiyi düşünürsüz?
– Bilirsiz, özüm üçün də bir qədər çətin oldu. Çünki neçə illərdir Premyer Liqada ayrı-ayrı klublarda çalışıram. Birdən-birə bu qərarı vermək də mənə çətin idi. Amma milli komanda hər bir məşqçinin arzusudur, şərəfdir. Bu gün əsas millinin baş məşqçisi olmaq həqiqətən qürurvericidir. Burada böyük bir məsuliyyət var, bu gün mənə inananlara təşəkkür etmək istəyirəm, həqiqətən, ağır bir dönəmdə milli komandanı götürdük. Çalışdım ki, AFFA rəhbərliyinə və mənə inanan şəxslərin inamlarını doğruldam. Milli komandamız ağır bir qrupda idi, Fransa kimi nəhəng bir ölkənin yığması ilə mübarizə aparırdı. Həmin vaxt çox böyük təzyiqlər var idi. İnamsızlıq var idi. Amma get-gedə bu inamı qaytara bilmişik, futbolçularda istəyi qaytarmışıq. Sevinirəm ki, bu gün milli komandaya hər kəs dəvət gözləyir. Baxın, mövsüm bitib, əvvəllər çox eşidirdik ki, futbolçular dincəlmək istəyir, amma inanın ki, indi oyunçuların həvəsini görürəm. Milli formanın dəyərini bilirik və bu gün bilirik ki, ölkəni təmsil edirik. Ola bilər gücümüz çatmasın, hansısa oyunlarda məğlub olarıq. Bu, normaldır. Amma futbolçular bu gün milli komandada hər bir oyuna canlarını maksimum qoyurlar. Bu məni sevindirir. Ona görə, bu gün millini fikirləşirəm və inanıram ki, burada uğurlu bir karyera alına bilər.
– Son mövsümdə milli komandada oynamağı haqq edən yeni futbolçular kəşf edə bildizmi?
– Biz milli komandaya gələndən bir çox futbolçular debüt etdi. Bəziləri çağrılırdı, oynamırdılar. Bizim vaxtımızda oynadılar. Abdulla Xaybulayevi qeyd edə bilərəm. Həqiqətən, məncə, tapıntı oldu. Və ondan sonra “Sabah”da da mütəmadi əsas oyunçulardan birinə çevrildi. Rüfət Abbasovu deyə bilərəm, keçən oyunlarda debüt etdi. Xəyal Əliyevi vurğulayaram. Debüt edən futbolçular çox oldu. Abdulla Rzayev, qapıçı Aydın ilk dəfə millidə debüt etdi. Ümumən, milli komandanın siyahısını genişləndirmək istəyirik. Və görürük ki, indiki toplanışda Tellur Mütəllimov, Emil Balayev yenidən milli komandaya çağrıldı. Oruc Məmmədova görə pis oldum. Onu çağırmaq istəyirdim, amma son oyunda “Qaəbələ”yə qarşı matçda zədələndi. O da əsas milliyə layiq futbolçulardandır. Həqiqətən, o da tapıntıdır, bu mövsüm “Şamaxı”da yaxşı çıxış etdi. Bəzi futbolçularımız var, klublarında az oynasalar da, onların da potensialı böyükdür. Onları itirmək istəmirik. Və inanıram ki, üzümüzə gələn mövsüm düzgün klub tapacaqlar və çox şans qazanacaqlar. Ayxan Hüseynovu qeyd edərdim, bizim vaxtımızda ilk dəfə çağırıldı. Rəhim Sadıxov qayıtdı, Aleksey İsayev… Yəni, baxsaq, bir çox futbolçular bundan əvvəl milliyə çağrılmırdı. Belə, rəqabət olmalıdır, milli komandanın heyəti nə qədər geniş olarsa, bir o qədər yaxşı olar.
– Premyer Liqada gənc oyunçulara yetərincə şans verildiyini düşünürsüz?
– Məncə, gənc oyunçular yetərincə şans qazana bilmir. Təəssüf ki, burada futbolçuların da bir az səhvləri olur. Bəzən görürsən ki, istedadlı oyunçular elə klub seçir ki, orada rəqabət çətindir və bu baxımdan uduzurlar. Onların mövqeyində oynayan futbolçular daha təcrübəli və daha yaxşı olur. Və hansısa bir səhvdən sonra… Məşqçiləri də qınamırsan, onların da qarşısına nəticə qoyulub. Və o nəticəyə çatmaq üçün gənc futbolçulara şans verə bilmirlər. Ümumən, çempionatımızda elə klublar olmalıdır ki, bu gün gənc futbolçulara şans verə bilsinlər. Məqsədləri Premyer Liqada qalmaqdırsa, orada gənc oyunçulara şans vermək olar. Məsələn, “Qəbələ”də bir neçə gənc futbolçu çıxış edir, hansı ki, Eşqin Əhmədovu qeyd edə bilərəm, son oyunları çox yaxşı keçirdi. Belə davam edərsə, milli komandaya dəvət ala bilər. “Sumqayıt”da son oyunlarda gənc futbolçular çıxış etdi. “Şamaxı”da – bizdə iki ildə bir çox gənc oyunçuya şans verdik. Əbəttə, şans versələr, daha yaxşı olar.
– Sizcə, hazırda Azərbaycan millisinin ən böyük problemi nədir?
– Son illəri nəzərə alsaq, futbolçuların klublarında əsas heyət oyunçusuna çevrilməməsidir. Məsələn, son oyunlara baxsaq, bilirik ki, klublarımızın bəziləri iddialarına çatmışdılar və gördük ki, hər kəs yerli futbolçulara şans verir. Pis də çıxış etmədilər, amma təəssüf ki, mübarizəli vaxtda həmin oyunçular az şans qazanırdı. Və futbolçu nə qədər çox oynayarsa, o dediyimiz yeni adlar çıxacaq. Bu gün gənclər önəmlidir. Bizim U-17, U-19, U-21 komandamız iddialı olmalıdır ki, rəqabət də olsun. Böyük turnirlərdə yaxşı çıxış etməlidirlər ki, əsas milliyə gələndə hazır olsunlar. İnanıram ki, bu yöndə işlərin davamı olacaq və bəzi layihələr var. Bizim bir çox oyunçularımız Avropa klublarında çıxış etməlidir. Bu da önəmlidir. Çünki oradakı futbolçular daha böyük çempionatlarda daha çox təcrübə qazanır. Ümid edək ki, bunların hamısı yaxın zamanlarda olacaq.
– Necə düşünürsüz, legioner limitinin ləğvi yerli futbolçuların inkişafına hansı mənada təsir etdi?
– Legioner limitinə baxsaq, bir çox yerli futbolçumuzun klublarında rəqabət apardığı mövqedə əcnəbi oyunçu var idi. Bir çox futbolçularımız bunu qazandılar. Bu da yaxşıdır. Məsələn, Emil Səfərovu qeyd edə bilərəm. Baxsaq, “Neftçi”də həmin mövqedə 3-4 legioner var idi. Amma Emilə şans veriləndən sonra, “Neftçi”nin deyərdim ki, son uğurlarında böyük pay sahibi oldu. Orta xətdə çox yaxşı çıxış etdi. Bu da milli komandaya təsir etdi və dəvət aldı. Bizim son oyunlarımızda ən yaxşı futbolçulardan oldu. Aleksey İsayev “Sabah”da legionerlərlə rəqabət aparırdı. “Turan Tovuz”da Rəhim Sadıxovla Ayxan Hüseynovu qeyd etmək lazımdır ki, onların da rəqabət apardığı oyunçular legioner idi. Yəni, bu, yaxşıdır. Futbolçu öz yerini itirməmək üçün rəqabətdə olmalıdır. Həmişə hiss etməlidir ki, o öz yerini itirə bilər. Burada bir çox məqamlar var, məncə, düşünən futbolçular, yaxşı məşq edən oyunçular qazandılar.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



