Avrokubokda kimi görmək istərdiz: “Zirə”ni, yoxsa “Neftçi”ni? – SORĞU

Hazırda Azərbaycan futbolunda avrokuboklara vəsiqə uğrunda mübarizə diqqət mərkəzindədir. Xüsusilə, “Neftçi”nin dünən təxirə salınan oyunda “Qarabağ”ı məğlub edərək (2:1), turnir cədvəlində “Zirə”ni keçməsindən sonra bu iki komandadan hansının avrokuboklara yollanacağı müzakirə mövzusuna çevrilib.

“Zirə”nin ölkə kubokunun finalında “Sabah”la qarşılaşması və Premyer Liqadakı qarşıdakı turlar bütün suallara aydınlıq gətirəcək. Amma biz idman mediasında çalışan bəzi həmkarlarımıza “avrokuboklarda “Zirə”ni, yoxsa “Neftçi”ni görmək istərdiz” sualı ilə müraciət etmək qərarına gəldik:

Kənan Həsənov (“report.az”)

”Sualınıza birmənalı şəkildə cavab vermək mümkün deyil. Çünki ilk növbədə turnir cədvəlinə baxmaq və komandanın qalan oyunlarına nəzər yetirmək lazımdır. Düzdür, hazırda “Neftçi” 47 xalla 4-cü pillədə qərarlaşıb və “Zirə”ni bir xal qabaqlayır. İlk başdan görünən odur ki, “Neftçi” bir addım öndədir. Hətta çoxu düşünə bilər ki, artıq hər şey “Neftçi”nin öz əlindədir. Amma təbii ki, belə deyil. Bunun da çox sadə bir səbəbi var: çünki “Zirə” Azərbaycan kubokunun finalına vəsiqə qazanıb və “Sabah”la həlledici oyuna çıxacaq. Çempionatdakı durumdan asılı olmayaraq, “Zirə” mayın 13-də “Sabah”ı məğlub edərsə, avtomatik avrokuboklara vəsiqə qazanacaq. Belədə “Neftçi”nin avrokuboka yüksəlmək şansları demək olar ki, qalmayacaq. Çünki “ağ-qaralar”ın Premyer Liqada 3-cü yeri tutmaq imkanları çox aşağıdır. Hazırda bildiyimiz kimi, üçüncü pillədə “Turan Tovuz” qərarlaşıb və bu komandalar arasında xal fərqi də böyükdür. “Turan Tovuz”un bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil. Premyer Liqanın təqviminə baxarkən də görmək olar ki, “Zirə”dən fərqli olaraq, “Neftçi”nin bir ciddi oyunu var, iddialılardan “Sabah”la oynayacaq. Bu da 32-ci tura təsadüf edəcək. Düzdür, burada bir incə nüans da var ki, bu qarşılaşma kubokun finalından sonra baş tutacaq və üstəlik “Sabah” artıq çempionluğu təmin edib. Ona görə də, “Sabah”ın bu oyuna hətta ikinci heyətlə çıxacağını da istisna etmək olmaz. Bununla belə, dediyim kimi, indiki məqamda hər şey “Zirə”nin öz əlindədir. “Neftçi” turnir cədvəlində “Zirə”ni qabaqlasa belə, avrokuboklara vəsiqə qazanmaq şansı Rəşad Sadıqovun komandasının öz əlindədir. Mayın 13-də finalda “Sabah”ı məğlub edirsən və avrokuboka vəsiqəni təmin edirsən.

Yəni, mənə elə gəlir ki, “Zirə” Premyer Liqanın turnir cədvəlində “Neftçi”dən bir pillə geridə olsa da, avrokubok üçün mübarizədə bir pillə irəlidir. Sonda necə olacaq? Təbii ki, biz bunu mövsümün sonunda biləcəyik. Ona görə də, fikrimcə, indidən tələsmək, hansısa proqnoz tipli açıqlama vermək yersizdir”.

İlkin Vaqifoğlu (“sportinfo.az”)

”Açığı, mən hər iki komandanı avrokuboklarda görmək istərdim. Çünki həm “Zirə”, həm də “Neftçi” buna layiqdir. Düşünürəm ki, bu komandalar avrokuboklara vəsiqə qazansalar, heç kim buna təəccüblənməz. Sadəcə, sual ondadır ki, “Zirə” buna kubok yolu ilə nail olacaq, yoxsa, Premyer Liqa vasitəsilə? Mövsümün son həftələri bu məsələyə aydınlıq gətirəcək. Mən tərəf tutmaq istəməzdim, çünki hər iki klubun Azərbaycan futbolunda öz yeri var. “Zirə” mövsüm ərzində məhdud heyətlə və müəyyən çətinliklərə baxmayaraq, ciddi iş görüb, bəzi oyunlarda xal itirsə də, ümumi performansı qənaətbəxşdir. “Neftçi” isə çətinliklərlə üzləşsə də mübarizəni davam etdirib. Komanda göstərdiyi əzmkarlıq sayəsində yarışda qalmağı bacarıb və bu da həm məşqçi heyətinin, həm də rəhbərliyin əməyinin nəticəsidir.

Ona görə də, demək çətindir ki, hansının qalması, hansının getməsi daha doğru olar. Məncə, hər iki komanda avrokuboklara vəsiqəyə layiqdir”.

Kənan Məstəliyev (“rekord.az”)

“Əslində, hər ikisi layiqdir. Çünki ümumi mövsümü götürəndə, mövsümboyu daha sabit olan tərəf “Zirə”dir. Amma “Neftçi” daha yaxşı oyun nümayiş etdirir, daha perspektivlidir. Maliyyə imkanları da daha yaxşıdır və mövsümün xüsusilə, ikinci yarısını daha yaxşı keçirib.

Kubok öz yerində – “Zirə” kuboku qazanacaqsa, bu, həqiqətən də haqqıdır. Çünki kubok çətin yarışdır və onu qazanmaq özü böyük uğurdur. Amma ümumi performansa baxsaq, belə bir vəziyyət yaranır ki, həm “Zirə”, həm də “Neftçi” bu mövsüm ən azı dördüncü olmağa layiq komandalardır. Seçim etmək istəmirəm, düşünürəm ki, sonda kim layiqdirsə, o da həmin yeri tutacaq. “Neftçi” mövsümün əvvəlindəki çətin durumdan çıxaraq dördüncü yerdə möhkəmlənə biləcəksə, deməli, buna layiq olan tərəf odur. “Zirə” də sabitliyini qoruyaraq, mövsümü eyni tempdə davam etdirib dördüncü yerə qədər yüksələ biləcəksə, o zaman ən layiqli tərəf “Zirə” olacaq.

Yəni, belə bir nəticə çıxır ki, sonda dördüncü yerdə kim olsa, ən layiqli namizəd də o olacaq. Məncə, mövsümü daha uğurlu keçirən komanda mükafat olaraq Avropada bizi təmsil etməlidir”.

Mehman Süleymanov (“presssport.az”)

”Məncə, istəklərdən asılı olmayaraq, kim daha güclüdür və daha layiqlidirsə, mübarizə nəticəsində o da bəlli olacaq və ölkəmizi o təmsil edəcək.

Hazırda “Neftçi” “Zirə”ni qabaqlayıb və demək olar ki, hər şey öz əlindədir. Amma məncə, “Neftçi”nin heyəti “Zirə” ilə müqayisədə daha çətin vəziyyətdədir. Bir məqam da var ki, “Neftçi” son iki mövsümdə avrokuboklarda iştirak etməyib. Buna görə də bir çox futbolsevər “Neftçi”nin yenidən Avropaya qayıtmasını istəyir. Bir məqama da diqqət etmək lazımdır ki, burada dördüncü yer məsələsi var və bu yer avrokuboka vəsiqə verə bilər. Amma çempionatın sonuna qədər kubokun qalibi də müəyyənləşəcək və bu, vəziyyətə təsir edəcək. Yəni, diqqət əsasən “Zirə”nin çıxışına yönəlməlidir. “Zirə” kuboku qazana bilməsə də, “Neftçi” yenə də avrokuboklardan kənarda qala bilər və dördüncü yer qəsəbə komandası üçün əsas hədəf olacaq. Hazırda 4-cü pillənin sahibi – istər “Zirə”, istərsə də “Neftçi” olsun, hazırkı vəziyyətdə Avropaya vəsiqə qazanmağa real namizəd kimi görünür”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button