
“Görəcəyimiz işlər çoxdur” – Azərbaycan millisinin baş məşqçisi
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç federasiyanın saytına açıqlama verərək, Gürcüstan və Qazaxıstan komandaları ilə yoxlama oyunları haqda danışıb.
Komanda.az xəbər verir ki, o, yığmanın inkişaf prosesində olduğunu qabardıb:
“Bu cür toplanışları nə qədər çox keçirsək, futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində beş məşq planlaşdırılıb. Artıq dörd məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur”.
Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:
“Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdir. Gürcülər iki ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illərdə ciddi inkişafdadır. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk 4-lüyündə qərarlaşıb. Dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak ediblər, eyni zamanda mükafatlar qazanıblar. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir”.
Baş məşqçi bir həftə ərzində dörd oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:
“FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.
Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq. Komanda sabah Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.
Bizi Facebook-da izləyin



