
Ayxan Abbasov: “Bu oyun bizə bir siqnal verdi”
Azərbaycan millisi bu gün FİFA Series-2026 çərçivəsində Syerra Leone yığması ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən və əsas vaxtı 1:1 hesabı ilə başa çatan, penaltilər seriyasında isə qalib gələn (9:8) Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı olub. Abbasov qələbəyə görə sevindiklərini bildirib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Sumqayıtda bu gün yaxşı atmosfer yaratmışdılar. Oyuna gəlincə, çətin olacağını bilirdik. İlk hissədə səhvlər buraxdıq. İkinci hissədə dəyişikliklər etdik, qol vurduq. Turnirdə qalib gəldiyimizə görə sevinirik. Amma bu oyun bizə bir siqnal verdi. Çünki rəqiblər nə qədər güclü olursa, gərək biz də güclənək.
Azarkeşlərimiz üçün də maraqlı oyun oldu. Çoxdandır penaltilər seriyasını izləmirdilər. Əlbəttə, bu da bir təcrübədir. Demək olar ki, bütün futbolçular penalti vurdu.
Sevindirici məqam o idi ki, hər iki oyunda meydana sonradan daxil olan futbolçular oyunu dəyişə bildi. Deməli, rəqabət var. Yeni çağırılan oyunçular oldu, onları izləyə bildik. İnanıram ki, gələcəkdə də bizi təəccübləndirən futbolçular olacaq.
FİFA-nın təşkil etdiyi turnirdir. İnanıram ki, gələcəkdə bunun xeyrini görəcəyik”.
“Niyə Azərbaycan millisinin iki, rəqiblərin isə bir oyun keçirməsi” sualını isə AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov cavablandırıb:
“Bildiyiniz kimi, Oman millisi Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bakıya gələ bilmədi. Buna görə də, FİFA turnirin yeni formatını göndərdi. Qısa müddətdə də rəqib tapıb, Bakıya dəvət etmək mümkün deyil. Ona görə də, Azərbaycan millisi iki, rəqiblər isə bir oyun keçirdilər. Və bugünkü oyun final matçı kimi seçilmişdi”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



