
“Neftçi” öz Qurban Qurbanovunu tapmalıdır
“Neftçi” yenə baş məşqçi axtarır. Samir Abasov ona verilən şansı nə ötən, nə də bu mövsümdə dəyərləndirə bildi. Baxmayaraq ki, klubdan göndəriləndə nəticələrinin elə də pis olmadığını deyib. Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə olan, 12 oyunda cəmi 15 xal toplayan “Neftçi” kimi komandanın baş məşqçisi bundan necə razılıqla danışa bilər, anlamaq mümkün deyil.
Bəziləri düşünür və iddia edir ki, Samir Abasova şans verilməli idi, onu yola salmaq səhv qərardır. Yetərincə şans verilmədimi ona? “Neftçi”də əvvəlki baş məşqçiliyi dönəmində qazandığı bir çempionluqdan başqa, nə qoydu ortaya? Onda da komanda qatıldığı bütün avrokubok oyunlarından – Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası – hamısından əli ətəyindən uzun geri dönmüşdü. Abasovlu “Neftçi”nin bəlli bir oyun şəkli, sistemi yox idi, hətta bəzi anlarda komandanın nə oynadığı bilinmirdi.
“Neftçi” son illərdə baş məşqçi seçimi ilə bağlı xeyli səhvlərə yol verib, bu, danılmaz faktdır. İndi isə yerli mütəxəssislərdən komandanın “sükanı arxasına” keçməyə 2-3 məşqçidən başqa, elə geniş seçim də yoxdur. Amma bu məşqçilərlə belə, “ağ-qaralar”ın mövsümü xilas edəcəyinə inanmaq çətindir. Düzdür, hələ mövsümün bitməsinə çox var və komanda üçün heç nə bitməyib. Amma Samir Abasovun “əsər”i olan indiki komandanın baş məşqçi postuna keçib, mövsümün sonunda mümkün uğursuz nəticələr fonunda məsuliyyətdən yayınmaq ücün bəhanələr çox olacaq. Hər şeyə rəğmən, “Neftçi” üçün qısamüddətli planlarda yerli məşqçi seçimi daha uyğun, uğurlu görünür.
İstənilən əcnəbi məşqçi ilə komandanı toparlamaq, “ağ-qaralar”ın futbolçularını və bizim Premyer Liqanı tanımaq yerli mütəxəssislərdən daha çox vaxt alacaq, aparacaq. “Neftçi”nin azarkeşlərinin isə daha bir titulsuz mövsümə, titul bir yana, avrokuboklardan kənarda qalmağa səbri qalmayıb. Haqsız da deyillər. Bu komanda sıradan komanda deyil, az qala Azərbaycan futbolunun yaşı qədər yaşı var. Maliyyə imkanı da öz yerində.
“Neftçi”yə komandada ortaya sistem, oyun tərzi qoyacaq baş məşqçi lazımdır. Qurban Qurbanovun “Qarabağ”da etdiyi kimi. Hə, doğrudur, Qurbanova bunun üçün illər lazım oldu və klub rəhbərliyi də ona şans verdi. Amma Qurbanov onda məşqçilikdə ilk addımlarını atırdı, hələ özü də öyrənirdi, bunu da unutmayaq. Kimsə demir ki, “Neftçi” gedib baş məşqçliyi gəlib bu klubda öyrənəcək biri ilə anlaşsın. Təcrübəli, müasir futbolun incəliklərini, tələblərini bilən məşqçilər az deyil.
Bir sözlə, indi “Neftçi”yə həm cari mövsümü xilas edə biləcək, həm də komandaya yeni oyun sistemini aşılaya biləcək biri lazımdır. Belə birini tapmaq, güvənmək, bütün şərtlərdə anlaşmaq asan deyil. Amma mümkündür. Mümkün olmaqdan başqa yol da yoxdur “Neftçi” üçün.
Rəşad
Bizi Facebook-da izləyin



