2025-ci ilin bizə öyrədə bilmədikləri

Rəşad Ergün

2025-ci ili Azərbaycan futbolu adına major, yoxsa minor notda bitiririk, mübahisələndirilə bilər.

Böyük futbol səhnəsində yenə “Qarabağ” var idi. Stadionlardan yenə “Qarabağ” sədaları eşidildi. Azərbaycan kimi Avropa futbolunun “cırtdan”ı olan ölkəni tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında qələbələrlə, heç-heçələrlə, əldə olunan xallarla təmsil etmək ilin, hətta qərinənin ən böyük uğurudur. “Qarabağ” olmasa, Azərbaycan futbolu uşaqsız evdəki beşik kimi boş, cansıxıcı, kədərli görünər.

Bir də, milli komanda dərdimiz bitmədi. Son günlərini yaşadığımız ildə də yığma komanda üzümüzü güldürmədi. Fernandu Santuşun gedişi, Ayxan Abbasovun gəlişi, qələbəyə həsrət qaldığımız bir il. Bəlkə, 2026-cı ildə milli adına qara rəngin çaları az da olsa, dəyişər. AFFA Ayxan Abbasovu “sükan arxasına” gətirməklə ən doğru qərarlardan birini verdi. Gözləyək, görək…

İl ərzində “Neftçi” azarkeşlərinin öz dərdi oldu, “Turan Tovuz”a könül verənlərin öz dərdi. “Sabah”a azarkeşlik edənlər isə şanslı oldu. Komandanın Premyer Liqada ili qış çempionu kimi bitirməsi təkcə azarkeşlərini həyəcanlandırmadı, neytral statusda olanları da təəccübləndirdi. 2026-cı ili Azərbaycan futbolunda rəqabətli bir il kimi görməyi arzulamağın nəyi pisdir ki? Nəhayət, “Qarabağ”ın qarşısına güclü bir rəqib çıxırsa, çıxıb da davam gətirə biləcəksə, bunu ancaq alqışlamaq olar.

2025-ci ildə qonşularımız olan gürcülərin, ermənilərin futbolçuları yenə böyük çempionatlarda, böyük klublarda oyunlara çıxdılar. Oturub izlədik, bizimkilərin Biləcəridən o tərəfə çıxa bilməməsi, çıxanların da reytinqi, gücü olmayan xarici çempionatlarda başlarını girələməsi fonunda köks ötürdük. Gah Nəriman Axundzadəni, gah da Elvin Cəfərquliyevi böyük çempionatlara “göndərdik”. Burdadırlar, getməyiblər, gedənə də oxşamırlar. Bir sözlə, 2025-ci il də bizə öyrədə bilmədi ki, yaxşı çempionatda oynamaq üçün yaxşı futbolçu yetişdirmək lazımdır, bir oyunda parlaq görünüb, beş-on matçda öləziməkdə olan çırağın işığını xatırlatmaqla Avropanın ciddi klublarını aldatmaq olmaz.

Və…

İnanaq ki, yeni ildə Azərbaycan futbolunda, idmanında daha uğurlu nəticələr olacaq, bundan da önəmlisi, gələcəyə hesablanan, parlaq, məntiqli addımlar atılacaq.

Hə, ona da ümid edək ki, “Azərbaycanda ən çox yeyilən şey nədir” sualının cavabı nəhayət, 2026-cı ildə dəyişəcək. O cavab “haqq” olmasın daha…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button