
“Bütün Azərbaycan xalqı bir nəfərin solo ifasına baxmaqla məşğuldur” – SORĞU
2025-ci ilin son günlərini yaşayırıq. Geridə qoymaqda olduğumuz il Azərbaycan futbolunda da bir sıra yaddaqalan hadisələrlə əlamətdar oldu.
Komanda.az bununla bağlı həmkarlarımız arasında sorğu keçirib. Onlardan başa çatmaqda olan futbol ilini qiymətləndirmələrini xahiş etdik:
Elçin Cəlilov (futbolpress.az)
“2025-ci il üçün Azərbaycan futbolu adına iki əsas qabardılacaq məqam görürəm:
1. “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə yüksəldi, 7 xal toplaya bilib.
2. Uzun illərdən sonra millinin baş məşqçisi yerli mütəxəssis Ayxan Abbasov təyin olundu.
Başqa detallar da var, ancaq fikrimcə, qabardılacaq qədər deyil. Ümumən, ili major notda dəyərləndirərdim. Nisbətən, AFFA-dan daha çox hərəkətlilik gözləmək olardı”.
Natiq Muxtarlı (aut.az)
“2025-ci ildə Azərbaycan futbolunu əvvəlki illərdən fərqləndirəcək heç nə baş vermədi. Yenə də bir nəfərin solo ifasını izləməli olduq. Söhbət “Qarabağ”dan gedir. Sadəcə, bu il səhnənin yeri dəyişmişdi. “Qarabağ” daha böyük səhnədə çıxış edirdi. Əvvəlki illərdə Avropa Liqasında, Konfrans Liqasında çıxış edirdisə, bu il isə 8 əvvəlki səhnəyə qayıtdı. Yəni, bir nəfərin solo ifasını izləmişik. Başqa heç nə yoxdur Azərbaycan futbolunda. Milli komadamız yenə də bərbad çıxışla yadda qalıb, futbolçularımız Avropadan təklif almayıblar. Avropanın aşağı liqalarında çıxış edən tək-tük futbolçularımız adlarından söz etdirməyiblər, yenə də bərbad çıxışla yadda qalıblar. Yayda Azərbaycanın digər klubları avrokuboklarda uğursuz olublar.
Ümumilikdə, Azərbaycan futbolunun siması, görkəmi dəyişməyib. İllərdir hansı görkəmdəydisə, təxminən 13-15 il, yenə də eyni görkəmdədir. Bütün Azərbaycan xalqı bir nəfərin solo ifasına baxmaqla məşğuldur. O da “Qarabağ”dır və “Qarabağ” sadəcə bu il səhnənin yerini dəyişib”.
İlkin Vaqifoğlu (sportinfo.az)
“2025-ci ili Azərbaycan futbolu üçün belə desək, nə ciddi uğurlu, nə də ciddi uğursuz saymaq olmaz. Yəni, ötən illərdə olduğu kimi, “Qarabağ” yenə də avrokuboklarda uğurlu çıxış edir, tarixində ikinci dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazandı. “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanmasaydı, bu ili də tamamilə uğursuz bir il kimi xatırlamalı olacaqdıq. “Qarabağ” rəhbərliyinə, baş məşqçisi Qurban Quranova və klubun hər bir üzvünə “çox sağ ol” deməliyik ki, Azərbaycanın üzünü Avropada ağartdılar. “Qarabağ” bundan sonra pley-offa vəsiqə qazansa da, qazanmasa da, istənilən halda, klubun Avropada builki çıxışını “zəfər” adlandırmaq olar.
Təəssüfləndirici məqam digər klublarımızın avrokuboklarda qeyri-sabit çıxışıdır. “Sabah”la “Araz-Naxçıvan” bir mərhələ keçdi, amma ardını gətirə bilmədilər və bu, təəssüfləndirici məqamdır. Eyni zamanda, əsas və aşağı yaş qrupları üzrə yığma komandaların beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarının seçmə mərhələlərində fiaskoya uğraması da təəssüfləndirici məqamlardır. Fernandu Santuşun gedişi hardasa kiçik bir təsəllidir ki, yəni, uyğunsuz bir baş məşqçi milli komandadan uzaqlaşdırıldı.
Ayxan Abbasovun dövründə milli komanda bir az da olsa gözünü açsa da, ayılsa da, turnir cədvəlində sonuncu pilləni tutdu. Bu da təəssüfləndirici məqamdır. Belə götürdükdə, bu il futbolla bağlı bir sıra layihələrin həyata keçiriləcəyini, həmçinin, istər klublarda, istərsə də AFFA-da islahatların aparılacağını gözləsək də, təəssüf ki, bu da olmadı. Düşünürəm ki, Elxan Məmmədovun (AFFA-nın keçmiş baş katibi) dövründən qalan bütün kadrlar artıq 2025-ci ildə tamamilə ölkə futbolunun səhnəsini tərk etməli idilər. Bu, xüsusilə, onunla çalışan kadrlara aiddir. Nə qədər ki onlar AFFA-dan təmizlənməyib, ölkə futbolunun gündəlik həyatında hansısa ciddi irəliləyiş, tərpəniş və yaxud irəliyə doğru hansısa bir addımın olması real deyil”.
Mehman Süleymanov (presssport.az)
“Başa çatmaqda olan ili Azərbaycan futbolu üçün o qədər uğurlu saymaq olmaz. Burda iki konteksdən yanaşsaq, milli komandalarımız, əsas yığmamız ili uğursuz başa vurdu. Acı bir statistika var ki, biz bu il qələbə qazana bilmədik. Belə deyək, çox tanınmış mütəxəssis, Avropa çempionu olan Fernandu Santuşla da boşa verilmiş bir müddət oldu, onunla müqavilə böyük təzminat qarşılığında pozuldu. Bundan sonra Ayxan Abbasovun dönəmində yaxşıya doğru bir az da olsa, fərq oldu. Amma nəticələr baxımından görünən odur ki, qələbəmiz olmadı. Digər yığmalarımız da bizi məyus etməkdə davam etdi. Yəni, həmişəki kimi, seçmə mərhələlərdə məqsədə çata bilmirik, əksər vaxtlarda qrup sonuncusu oluruq.
Avrokuboklara gəlincə, yenə də üzümüzü ağardan “Qarabağ” oldu. Bəli, bu 2025-in əsas fərqi odur ki, nəhayət, biz o 8 illik həsrəti bitirdik və “Qarabağ”la UEFA Çempionlar Liqasında əsas mərhələyə düşdük. Bundan əvvəl qrup mərhələsi idi, indi isə format da fərqlidir. Amma hər halda, “Qarabağ”ın bu uğuru xüsusi qeyd olunmalıdır. Və göründüyü kimi, liqa mərhələsində də mübarizəni davam etdiririk, pley-offa çıxmaq şansımızı saxlayırıq. Bu mənada, əsas vurğulanası məqam təbii ki, “Qarabağ”la bağlıdır.
Ölkə çempionatı ilə bağlı ikinci yarıda fərqli məqam o oldu ki, legioner limiti artıq yoxdur. Görünən odur ki, çempionatda mübarizə daha da gərginləşib. Mənə görə, indiki məqamda çox maraqlı mübarizəyə, oyunlara şahidlik edirik. Və artıq “Qarabağ”ın çempionluq mübarizəsində çox ciddi rəqibi var – “Sabah”. Hansı ki, qış çempionu oldu. Düşünürəm ki, “Sabah” “Qarabağ”la çempionluq mübarizəsini sonadək davam etdirə bilər, hətta onu üstələmək potensialına malikdir.
Bir məqamı da vurğulayım, Azərbaycan futbolunda infrastruktur da vacibdir inkişaf baxımından. Nəhayət, uzun həsrətdən sonra Gəncədə – köhnə arenanın yerində müasir stadion tikildi. Hansı ki, MDB oyunlarının açılışı və bağlanış mərasimləri orada keçirildi. Düzdür, hələ ki, orada futbol oyunları keçirilmir. Bunun üçün meydançanın ot örtüyü hazır olmalıdır. O da gözlənilir. Hər halda, Gəncə kimi Azərbaycanın ikinci ən böyük şəhərinə müasir stadion lazım idi. Bu da artıq var və indi qalır “Kəpəz”in Premyer Liqada çıxışını davam etdirib, o stadionda oynaması. Yəni, klubun 1-ci Liqaya düşməmək kimi borcu var, ən azı o stadionda uzun illər oynamaq baxımından”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



