Əliyar Ağayevdən PAOK – “Atromitos” matçında 2 penalti, 1 “qırmızı” – VİDEO
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında PAOK – “Atromitos” matçını idarə edib.
Komanda.az xəbər verir ki, Saloniki şəhərindəki “Tumba” stadionunda 24-cü tur çərçivəsində keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
32 yaşlı baş hakim qarşılaşma ərzində meydan sahiblərinin lehinə 2 penalti təyin edib, qonaqların isə 1 futbolçusunu ikinci sarı vərəqə ilə meydandan qovub. PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə şansını qaçırmayıb.
Ağayev daha 4 futbolçuya sarı vərəqə göstərib. Meydan sahiblərindən ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. Qalan “sarı”lar isə qonaqlara göstərilib.
Bu qələbə sayəsində xallarının sayını 64-ə çatdıran PAOK liderliyini möhkəmlədib. 43 xala malik “Atromitos” isə 4-cü pilləyə enib.
Qeyd edək ki, Ağayev Yunanıstanda bəzi klubların yerli hakimlərdən narazılığı səbəbindən Super Liqa matçına təyinat alıb.
Yunanıstan Super Liqası
24-cü tur
10 mart
PAOK – Atromitos 3:0
Qol: Serjio Oliveyra, 39. Dieqo Bisesvar, 45+3. Karol Sviderski, 81.
Matçın 16-cı dəqiqəsində PAOK-un futbolçusu Vyeyrinya penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Bruno, 90 (“Atromitos”).
Bizi Facebook-da izləyin