Tahir Gözəl: “Qarabağ” bu medalı almağa layiq idi”

Bir neçə gün öncə Azərbaycan çempionluğunu rəsmiləşdirən “Qarabağ” bu gün mükafatına qovuşdu.

Komanda.az xəbər verir ki, dünyada tüğyan edən Covid-19 pandemiyası ilə əlaqədar olaraq kütləvi tədbirlərin həyata keçirilməsi uyğun olmadığından komandanın kuboku və medalları sadə mərasimlə təqdim olunub.

Ardıcıl 7-ci çempionluğun təqdimatı “Azersun Arena”da baş tutub. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin təqdimatında ilk olaraq cari mövsümün bombardiri Mahir Emreli təltif olunub. Ardınca çempionluq kuboku klubun vitse-prezidenti Tahir Gözel və kapitanı Rəşad Sadıqova təqdim edilib.

Daha sonra Tahir Gözəl çempionluq haqqında təəssürratlarını bölüşüb:

“8-ci uğurumuzu qeyd etdik. 7 il ard-arda çempion olduq. Bu, Azərbaycanda ilkdi. “Qarabağ” Azərbaycan üçün çox böyük uğurlara imza atıb. Biz Avropanın qəlbi İsveçrədən əvvəl Çempionlar Liqasının himnini Azərbaycanda eşitdik. Bu, çox qürurverici hadisədi. Qeyri-adi vəziyyətdə yaşayırıq. 8 xallıq fərqi nəzərə alanda hesab edirik ki, “Qarabağ” bu medalı almağa layiq idi”.

Vitse-prezident eyni zamanda dünyada davam edən koronavirus pandemiyasının futbola vurduğu zərərlərə baxmayaraq “Qarabağ”ın adını daim layiqli şəkildə təmsil edəcəyini də dilə gətirib:

“Koronavirusun bütün dünyada iqtisadi təsirləri oldu. Bu, büdcəmizə də təsir edəcək. Amma biz “Qarabağ”ın adını və bu klubun mənəvi cəhətdən Azərbaycan üçün hansı rolu oynadığının fərqindəyik. Amma yenə Azrbaycanda çempionluğa oynayıb, xaricdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. Önümüzdəki 1 ay ərzində müzakirələrimiz olacaq. İnşallah, gələn il üçün necə “Qarabağ” formalaşdıracağımızı biləcəyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdi. Bütün şəraitlərdə Azərbaycanı layiqincə təmsil edən klub olmasını istəyirik”.

Sonda Tahir bəy karyerasını bitirən kapitan Rəşad Sadıqov haqqda da danışıb:

“Rəşad Sadıqov “Qarabağ”ın bel sütunudu. O, klubumuzun ayrılmaz hissəsidi. Bu mənim şəxsi arzumdu ki, o, yenidən bizimlə olsun. Biz peşəkar klubuq, baş məşqçimizlə müzakirə etməliyik. Mən inanıram ki, Qurban Qurbanov da buna müsbət baxacaq. Onunla müzakirələr aparacağıq. Rəşadı texniki heyətdə görməyi arzulayardım. Həm təcrübəsi var, həm klubun siyasətini bilir. O, “Qarabağ” üçün çox lazımlı bir beyin, taktika ustası ola bilər. Son qərar Qurban Qurbanovun olacaq”.

Sonda Tahir bəy idari və texniki heyətlə görüşərək çempionluq münasibəti ilə təbrik edib, növbəti mövsüm üçün tövsiyə və tapşırıqlarını verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button