“Son ev oyunumuzda xal qazanmağa çalışacağıq” – Qarayev

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün İstanbulda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Güclü komandaya qarşı oynayacağıq. “Makkabi” yaxşı müdafiə olunmaqla yanaşı, qol vurmağı da bacarır. Çox diqqətli olmalıyıq”.

28 yaşlı futbolçu oyuna itkilərlə çıxacaqlarını bildirib: “Son zamanlarda heyətlə bağlı problemlərimiz var. Bununla belə, azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Son ev oyunumuzda xal qazanmağa çalışacağıq”.

Təcrübəli oyunçu son vaxtlar meydana müdafiəçi kimi çıxmasına da toxunub: “Sonuncu müdafiəçi kimi oynamaq vərdişlə bağlıdır. Uzun müddətdir bu mövqedə oynamasam da, orta xətlə oxşarlığı var. Mənim üçün çətindir. Son vaxtlar heyətdəki problemlərə görə bu addım atılıb. Fərqi hiss etdirməməyə çalışacağam”.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.