AFFA-nın “azərbaycanlı” etmək istədiyi Sezar Meza Kolli kimdir?

AFFA-nın “Keşlə” klubunda çıxış edən Sezar Meza Kollini milliləşdirərək, Azərbaycan yığma komandasına cəlb etmək istədiyini xəbər vermişdik.

Sezar Meza Kolli 1991-ci il, oktyabrın 5-də Paraqvayın Asunson şəhərində anadan olub.

Vətəni Paraqvay olmasına baxmayaraq, yarımmüdafiəçi peşəkar karyerasına İtaliyada – “Çesena” klubunda başlayıb. 2011-2013-cü illərdə bu ölkədə top qovan Kolli, bu müddət ərzində İspaniyanın “Alaves” və İtaliyanın “Pavia” klublarına icarəyə verilib.

Sezar Meza Kolli 2013-cü ildə qardaşı (David Meza Kolli) ilə birlikdə Azərbaycana yola düşür. Paraqvaylı futbolçular Bakının “İnter” (indiki “Keşlə”) klubu ilə 1 illik müqavilə imzalayırlar. Meza Kolli qardaşları 2015-ci ilə qədər “İnter”in uğurları üçün çalışır. 2015-ci ildə müqaviləsi bitdikdən sonra klubsuz qalan balaca qardaş Sezar, 2016-cı ildə yenidən Bakı klubuyla bir illik müqavilə imzalayır, David isə əyalət təmsilçisi olan “Qəbələ”yə keçir.

Sezar Meza Kolli 2016-cı ilin yayında “Zirə”yə keçir, 1 il qəsəbə təmsilçisində qaldıqdan sonra yenidən – 2018-ci ildə “Keşlə”nin yolunu tutur. Yanvardan avqusta qədər paytaxt klubunda top qovan yarımmüdafiəçi, “Keşlə” ilə Azərbaycan kubokunun qalibi olur. Daha sonra 2018-ci ilin avqustunda “Krayova” klubundan təklif alan və bunu müsbət cavablandıran Sezar, Rumıniyanın yolunu tutur. Ancaq yeni komandasında tez zədələnən və uzun zaman yaşıl meydanlardan uzaq qalan yarımmüdafiəçi, baş məşqçiyə özünü göstərə bilmir və əvəzedici komandaya göndərilir.

28 yaşlı futbolçu ötən ilin yayında icarə əsasında “Keşlə”yə qayıdıb. Paraqvaylı futbolçunun bakılılarla müqaviləsi mövsümün sonuna qədərdir.

David Meza Kolli qardaşı Sezar kimi 2013-cü ildə Bakının “İnter” klubuna keçir. Daha sonra 2015-ci ildə “Qəbələ”yə keçən 31 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Qəbələ”dən Paraqvayın “Serro Porteno” komandasına transfer olunur. Bir il sonra Bakıya – “Neftçi”yə qayıdan David “ağ-qaralar”da etimadı doğrultmur və Rumıniyanın “Petrolul” klubuna keçir. Hazırda da 2-ci liqa təmsilçisinin formasını geyinir.

Sezar Meza Kolli 2013-cü ildən Azərbaycanda çıxış edir və bu ölkənin milli komandasında çıxış edə bilər. Ancaq 28 yaşlı yarımmüdafiəçinin yığmaya nə qədər lazım olduğu sual yaradır. Hazırda Azərbaycan milli komandasında Meza Kollinin mövqeyində Dmitri Nazarov, Emin Mahmudov, Riçard Almeyda, Rəşad Eyubov kimi futbolçular var.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button