“Qarabağ”ın 2,98 milyon avroluq rəqibi – Yazı+Fotolar

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, komandalar arasındakı oyun avqustun 18/19-da Bakıda keçiriləcək.

1965-ci ildə yaradılan və 3 qat Makedoniya çempion olan “Sileks” son mövsümdə çempionatı 2-ci yerdə bitirib. Çempion “Vardar” cəzalı olduğu üçün Çempionlar Liqasında iştirak hüququ “Sileks”ə verilib. Kratov təmsilçisi liderdən 10 xal geridə qalırdı.

Şimali Makedoniya klubu ev oyunlarını 1 800 nəfərlik “Qradski” stadionunda keçirir. 3 dəfə Şimali Makedoniya çempionu olan “Sileks”, klub tarixində 4 dəfə ölkə kubokunu qazanıb.

“Sileks”in heyəti əsasən yerli futbolçulardan ibarətdir. Komandanın ümumi dəyəri 2,98 milyon avrodur. Ən bahalı futbolçu yeni transfer Georgi Popovdur ki, onun da qiyməti 250 min avrodur. Komandada 7 legioner var və bunlar hamısı serbiyalıdır. “Sileks”in heyətində Azərbaycanda çıxış etmiş futbolçu da var. Belə ki, 2019-cu ilin iyulundan sentyabrına kimi “Səbail”də forma geyinən qapıçı Daniel Bojinovski hazırda “Sileks”də çıxış edir.

“Sileks”in baş məşqçisi 45 yaşlı Qoran Simovdur. Şimali makedoniyalı mütəxəssis ötən ilin aprelindən komandanın “sükanı arxasında”dır.

“Sileks” ötən mövsüm yerli çempionatda keçirdiyi 23 oyunda 24 qol vurub və 21-ni buraxıb. Komandanın son mövsümdəki bombardiri isə 4 qolla İvan İvanovskidir.

“Sileks” indiyə qədər avrokuboklarda 18 oyun keçirib. Komanda bu oyunlarda 4 dəfə qələbə qazanıb, 3 dəfə də heç-heçə edib. Şimali Makedoniya təmsilçisi sonuncu dəfə 2017/18 mövsümündə avrokuboklarda iştirak edib. Çempionlar Liqasının ilk təsnifat mərhələsində Lixtenşteynin “Vaduts” klubuyla qarşılaşan “Sileks” iki oyunda da məğlub olaraq (1:3, 1:2), turnirlə vidalaşıb.

“Sileks” bu gün Şimali Makedoniya çempionatında yeni mövsümün ilk oyununa çıxacaq. Komanda səfərdə “Belasiça” ilə qarşılaşacaq.

Həm heyətinə, həm də avrokubok təcrübəsinə baxsaq, “Qarabağ” rəqibindən açıq-aşkar üstün görünür. Qalır bu üstünlüyü səbrlə və inamla meydanda göstərmək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button