17-ci qarşılaşma

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “qartallar” 6-cı turun oyununda “Keşlə” ilə üz-üzə gələcək. Bu, iki komanda arasında 17-ci matç olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. “Keşlə” “Zirə”nin ən çox “sülh”lə ayrıldığı klubdur.

Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda “Zirə” qələbə qazanıb. “Qartallar” bu görüşlərdə iki top fərqiylə qalib gəlib. “Zirə”nin bombardiri Xulio Sezar Rodriqez bu oyunları qolsuz tərk etməyib. Paraqvaylı “Keşlə” ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudur. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. “Zirə” arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdir – 17:15.

“Keşlə”nin meydanında 9-cu dəfə qonaq olacaq “qartallar” səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran “Zirə”lilər eyni sayda qol buraxıb.

Sentyabrın 29-da keçiriləcək “Keşlə” – “Zirə” oyunu saat 19:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button