“Bu gün bizim günümüz deyildi” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Sumqayıt təmsilçisinin çalışdırıcısı 1:6 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • “Qarabağ”ı Ağdamın qayıtması üçün təbrik edirəm. Bütün azərbaycanlılar və ağdamlılar üçün bayramdır. Oyuna gəldikdə, millidə futbolçularımız var idi. Onlar yalnız son 2 gündə bizimlə oldular. Heyətimiz geniş olsaydı, yorğun futbolçulara istirahət vermək olardı. “Qarabağ”ın gücü bəllidir, səhvi bağışlamırlar. Belə məğlubiyyəti istəməzdik. Zədələr də çoxalır, qış fasiləsinə qədər bacardığımız qədər çox xal yığarıq.
  • Mehdi Cənnətovun start heyətdə olması təəccübləndirdi…
  • Mehdini qapıda görmək təəccüblü deyil. O, bizim əsas qapıçımızdır. Bu gün tək o yox, bütün komanda pis oynadı.
  • Bu məğlubiyyəti arxayınlıqla əlaqələndirə bilərsiz?
  • Yox, bir az diqqət pozuntusu oldu. Standard vəziyyətdən iki top buraxdıq. Futbolçuların arxayınlaşmasına inanmıram, çünki buna səbəb yoxdur. Çempionatda gərgin mübarizə var. Bu gün bizim günümüz deyildi. İki müdafiəçimizi itirdik. Ot örtüyü pis vəziyyətdə idi, iki qapının da önü pis gündə idi.
  • Rəhbərlikdən azad agent bir futbolçu gətirməklə bağlı danışığınız olub?
  • Mən bunu mövsümün əvvəlində də demişdim. Biz bu riski alıb, çempionata başladıq. Büdcəmizə uyğun heyət qurmuşuq. Rəhbərliyə bu haqda nəsə deyə bilmərəm. Hazırda yaxşı azad agent statuslu hücumçu yoxdur, rastımıza çıxmayıb. Əli Qurbaninin yoxluğu bizim üçün böyük itkidir.
  • Bu gün 6 top buraxmağınız ağlınıza gələrdi?
  • Mənim heç bir oyunda qorxum olmur. Rəqibin gücü, futbolçularının səviyyəsi bəllidir. Məğlub olmaq istəməzdik, amma “Qarabağ”la “Sumqayıt”ı da müqayisə etmək düz olmaz. Biz indi “Qarabağ”, “Neftçi” kimi komandalarla çempionatda yaxşı mübarizə aparırıq.

Şahin Cəfərov