“Olimpiakos” favoritdir, ancaq “Neftçi”ni də ciddiyə almaq lazımdır”

“Zirə”nin futbolçusu Dmitrios Çantakias Yunanıstan mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, yunan müdafiəçi, “Zirə”yə keçidi haqda fikirlərini bildirib:

“Bolqarıstanda çıxış edərkən “Zirə”dən təklif var idi. Mənimlə ciddi maraqlanırdılar və klubum “Çerno More” ilə danışdılar, sonra da buraya transfer olundum.

Təklif gələndə çox düşündüm. Ölkəni yaxşı tanımırdım, uzaqda idi. Lakin gələndən sonra yaxşı mənada təəccübləndim. Yaxşı bir ölkə, şəhər, gözəl Bakı və gözəl insanlarla qarşılaşdım.

Bura gəlməzdən əvvəl Anastasios Papazoğlu ilə məsləhətləşdim. Çünki o, daha əvvəl bu ölkədə futbol oynamışdı. Mənə xoş sözlər söylədi və burada hər şeyin yaxşı olacağına inandım”.

Çantakias Yunanıstanla Azərbaycanı müqayisə edərkən, azərbaycanlıların maşın sürmələri haqda da fikirlərini söyləyib:

“Düşüncə və yaşayış olaraq demək olar ki, fərq yoxdur. Yeməklər bir az daha ədviyyatlı olur. Azərbaycanlılar maşın sürərkən çox çılğın olurlar. Sürətli sürürlər və sizin yolunuza keçmək onlar üçün əhəmiyyətli deyil. Koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər çox sərt deyildi. Maska taxdıq, ancaq dükanlar bağlanmadı. Buna baxmayaraq, azarkeşlər stadionlara buraxılmadı”.

Çantakias “Neftçi”nin Çempionlar Liqasında “Olimpiakos” qarşısındakı şanslarından da danışıb:

“Neftçi” ilə bir neçə oyun oynamışıq. Kubokda onları mübarizədən kənarlaşdırdıq. “Olimpiakos” rəqabətli bir komanda ilə qarşılaşacaq və diqqətli olmalıdır. Xüsusən, əks hücumlara diqqət yetirməlidir. “Neftçi” daha çox belə oyun tərzi ilə çıxış edəcək. Buna baxmayaraq, onların təcrübələri daha azdır.

“Olimpiakos” favoritdir, ancaq “Neftçi”ni də ciddiyə almaq lazımdır. “Olimpiakos”da ən sevdiyim futbolçu Giorgos Masurasdır. Onunla eyni çempionatda oynamışıq. O, bölgəmizin yetişdirdiyi ən yaxşı futbolçulardandır. “Neftçi”də isə Sabir Buqrin və Sezar Meza Kollini fərqləndirərdim.

Azərbaycan klubları bizə çətinlik yarada bilirlər, sürətli futbol oynayırlar. Müdafiədə yaxşı çıxış edirlər. Ümumiyyətlə, yaxşı pulu olan və bir plan üzərində işləyən klublar var. Bu səbəbdən Yunanıstan təmsilçiləri ilə mübarizə apara bilirlər. Azərbaycan futbolu Yunanıstan futbolu ilə müqayisədə keyfiyyət baxımından yaxşı deyil, ancaq daha sürətlidir”.

Çantakias 2020-ci ilin sentyabrında “Zirə”yə keçib.

Sabah keçiriləcək “Olimpiakos” – “Neftçi” matçı saat 23:00-da başlayacaq.