
Zaur Hacıyev: “Milli komandanı çalışdırmaq üçün kifayət qədər təcrübəm var”
AFFA-nın U-21 millisinin baş məşqçi postunda dəyişiklik etmək istədiyi haqda xəbər vermişdik. 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçi postunda Rəşad Eyyubovu Zaur Hacıyevin əvəzləyəcəyi gözlənilir.
Hazırda 2-ci Liqa təmsilçisi “Xankəndi”ni çalışdıran Hacıyev Komanda.az-a açıqlamasında milliyə mümkün təyinatla bağlı danışıb:
”Hazırda hələ rəsmi bir şey olmadığına görə, sizə ətraflı məlumat verə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, hər kəs kimi milli komandanın “sükanı arxasına” keçmək mənim üçün də qürurverici hissdir. Mən də dövlətimizi, millətimizi, mədəniyyətimizi, milli atributlarımızı, idmanımızı daha ali məkanda, yəni, milli komandada böyük həvəslə təbliğ etmək istərdim. Bunu etmək üçün isə kifayət qədər təcrübəm var. Mən demək olar ki, “Qəbələ” klubunun akademiyasında bütün yaş qruplarında çalışmışam, yeddi dəfə Azərbaycan çempionu olmuşam, dəfələrlə bürünc və gümüş medallara sahib çıxmışam. Bundan əlavə, beynəlxalq arenada – U-19 Çempionlar Liqasında ölkəmizi və “Qəbələ”ni üç dəfə təmsil etmişəm. Həmçinin, bunların birində mənim komandam Çempionlar Liqasında mərhələ keçməyi bacarıb. Mən eyni zamanda, əvəzedici həyətdə çalışmışam. Daha sonra isə Birinci Liqadan “Karvan-Yevlax”la 16 ildən sonra Premyer Liqaya qalxmağı bacarmışıq. Premyer Liqa təcrübəm var. Ümumiyyətlə, kifayət qədər yerli və beynəlxalq təcrübəyə sahibəm. Avropanın bir çox klublarında – məşqçilik kurslarında, seminarlarda, turnirlərdə təcrübəm var: “Barselona” , “AZ Alkmaar”, “Şaxtyor”, “Lion” , “Nant”, “Fənərbaxça”, “Altunordu”, “Hayduk”, “Dinamo”, “Feyenoord” və s. Hər halda, bunlar kifayət qədər təcrübədir”.
Hacıyev, U-21-ə keçəcəyi halda, hazırda çalışdığı “Xankəndi” komandasından ayrılıb-ayrılmayacağı haqda suala belə cavab verdi:
“Hazırda “Xankəndi”nin uğurları üçün çalışıram və komandamla çox xoşbəxtəm. Hər şeyi gələcəyə buraxsaq, inşallah, gözəl şeylər bizi gözləyir. Azərbaycan futboluna uğurlar arzulayıram!”
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



