Türkiyə yığması AÇ-2020-ni antirekordlarla tərk etdi

AÇ-2020 futbol üzrə Türkiyə millisi üçün uğursuz alındı.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan “ay-ulduzlular” İtaliya (0:3) və Uelslə (0:2) oyunlarından ardından, son turda İsveçrəyə də 1:3 hesabıyla uduzdu.

Beləcə, Şenol Şünəşin çalışdırdığı kollektiv qitə birinciliyi ilə erkən vidalaşdı. Xalsız və tək qolla qrup sonuncusu olan qardaş ölkə yığması bu turnirdə bir sıra antirekordlara da imza atıb.

Belə ki, Türkiyə millisi vurulan və buraxılan topların fərqinə görə qitə birinciliklərinin ən pis beş göstəricisindən birinə imza atıb. Avropa çempionatları tarixində bu günə kimi ən pis beş göstərici belədir:

AÇ-2000. Danimarka (0-8)
AÇ-2004. Bolqarıstan (1-9)
AÇ-2012. İrlandiya (1-9)
AÇ-1984. Yuqoslaviya (2-10)
AÇ-2020. Türkiyə (1-8)

Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında ilk dəfə ardıcıl üç oyundan məğlub ayrılıb. Bununla qardaş ölkənin yığması ikinci dəfə qitə birinciliyində ardıcıl üç matçda uduzub. “Ay-ulduzlular” AÇ-1996-da da qrup matçlarından xalsız ayrılmışdı. Türkiyə yığması Danimarkadan sonra iki AÇ-dən xalsız ayrılan ikinci komanda oldu. Danimarkalılar da AÇ-1988 və AÇ-2000-dəki bütün oyunlarından məğlub ayrılmışdı.

Türkiyə yığması İsveçrə ilə oyunda AÇ çərçivəsində tarixinin ən erkən qolunu buraxdı. Haris Seferoviç 6-cı dəqiqədə (5.39) fərqlənməklə qarşılaşmada hesabı açdı. Bununla da o, Türkiyə millisinin tarixinə düşüb.

Yeri gəlmişkən, Türkiyənin qapısına vurulan digər iki qolun müəllifi Cerdan Şakiri də İsveçrə yığmasının tarixinə düşüb. O, bu komandanın heyətində dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçuya çevrilib. O, 2014 və 2018-ci illərdə təşkil olunmuş dünya çempionatlarında, həmçinin AÇ-2016-da da qol vurmağa nail olmuşdu.

İsveçrə yığmasının vurduğu hər üç qolun məhsuldar ötürməsini verən Stiven Zuber də tarixə düşüb. 29 yaşlı futbolçu qitə birinciliyində bir oyunda üç qol ötürməsi verən üçüncü futbolçuya çevrilib. Daha öncə bunu Mixael Laudrup (1984 – Yuqoslaviya) və Rui Koşta (2000 – İngiltərə) bacarmışdı. Hazırda AÇ-2020-nin qol ötürməsi rekordu məhz Zuberə məxsusdur.