“Günahı özümüzdə axtarmalıyıq” – MÜSAHİBƏ

“Qarabağ” dünən Azərbaycan Premyer Liqasının 25-ci turunda “Kəpəz”lə üz-üzə gəldi. Qarşılaşma “köhlən atlar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Yevlax şəhər stadionunda keçirilən oyundan sonra Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Musa, oyunla bağlı fikilərini bölüşərdin.

– Əlbəttə, qələbə qazanmaq bizim üçün çox vacib idi. Belə nəticə olmasını istəmirdik, qalib gəlməli idik. İlk növbədə günahı özümüzdə axtarmalıyıq. İnşallah, xeyirlisi.

– Məğlubiyyətin əsas səbəbi nə oldu?

– “Kəpəz”in haqqını vermək lazımdır. Çox yaxşı mübarizə apardılar, qorxmadan, cəsarətli futbol oynadılar və qalibiyyəti haqq etdilər. Amma bizim də çatışmazlıqlarımız oldu ki, artıq iki oyundur qələbə qazana bilmirik. Yenə deyirəm, əsas diqqəti öz səhvlərimizə yönəltməliyik və onların üzərində işləməliyik. Başqa nüanslar da var, amma öncə öz oyunumuzu düzəltməliyik.

– Penalti epizodunu təkrar izlədizmi?

– Bəli, izlədim. Məncə, burada deyiləsi çox söz yoxdur, hər şey göz qabağındadır. İki penalti epizodu var idi. Onlardan birində təkrar elə verildi ki, epizod aydın görünmədi. Ondan əvvəl olan cərimə zərbəsini isə bir neçə dəfə göstərdilər. Şübhəli penalti epizodu olduğu üçün tez keçdilər. Amma nə olursa olsun, biz yenə də öz səhvlərimizə baxmalıyıq.

– Çempionluq mübarizəsinin bitdiyini demək olar?

– Xeyr, bunu demək olmaz. Mən həmişə sonadək mübarizə aparmağın tərəfdarıyam. Nə qədər ki, riyazi şansımız qalır, biz də maksimum mübarizə aparacağıq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button